BİZNES

19 İyun

“AzInTelecom”: Texniki nasazlıqla bağlı beynəlxalq mühəndislərlə birgə araşdırma aparılır

İyunun 16-da günorta saatlarında “AzInTelecom” MMC-nin bəzi avadanlıqlarında yaranan texniki nasazlıqla bağlı ətraflı araşdırma davam etdirilir.

Şirkətdən Fins.az-a verilən məlumata görə, dayanmanın qeydə alındığı andan etibarən şirkət mütəxəssisləri tərəfindən dərhal müdaxilə edilib və 1 (bir) saat ərzində çətinlik aradan qaldırılıb. Növbəti saatlarda “AzInTelecom” MMC-dən xidmət əldə edən tərəfdaşlarla əlaqə saxlanılaraq onların sistemlərində qeydə alınan çətinliklər aradan qaldırılıb və həmin gün bir neçə saat ərzində bütün qurumların xidmətlərinin əlçatanlığı təmin edilib.

Qeyd etmək istərdik ki, “AzInTelecom” MMC-yə məxsus olan infrastruktura daxil olan bütün avadanlıqlar beynəlxalq təhlükəsizlik və dayanlıqlılıq standartlarına uyğundur və təchizatçı şirkət tərəfindən avadanlıqları beynəlxalq zəmanət verilir. 

Dayanma baş verən anda dərhal beynəlxalq təchizatçı şirkətə müraciət olunub. Təchizatçı şirkətin texniki dəstək komandası və beynəlxalq mühəndislər tərəfindən araşdırmalar davam etdirilir. Baş verən hadisə çox az rastlanan hal olduğu üçün beynəlxalq şirkət tərəfindən aparılan araşdırmanın yekunlaşdırılmasına vaxt tələb olunur.

Beynəlxalq təchizatçı şirkət tərəfindən baş verən nasazlığın səbəbləri barədə “AzInTelecom” MMC-yə hesabat təqdim edildikdən sonra ictimaiyyətə məlumat veriləcək.