BİZNES

22 İyul

Karqo sahəsində ən böyük problemlərdən biri müştərilərin diqqətsizliyidir - Aynurə Səmədova – FOTO

“Kargoflex” şirkətinin çatdırılma xidmətinin sahibi Aynurə Səmədovanın Fins.az-a müsahibəsi.

- “Kargoflex” şirkəti nə zaman fəaliyyət göstərməyə başlayıb?

- Şirkətimiz 2021-ci ilin iyun ayında qurulub və sentyabr ayında fəaliyyətə başlayıb. Artıq 2 ildir ki, fəaliyyət göstəririk. Türkiyə və Azərbaycanın ortaq şirkəti olan “Kargoflex”in nizamnamə kapitalına əsasən pay bölgüsünün 50%-i Türkiyə, 50%-i də Azərbaycana məxsusdur.

- Sizi digər karqo şirkətlərindən fərqləndirən cəhətlər nələrdir?

- Bizi digər karqo şirkətlərindən fərqləndirən  cəhətimiz xidmətimizdir. Belə ki, məhsulları Bakı Gömrük İdarəsindən sürətli şəkildə götürmək və vaxtında müştərilərə çatdırmaqdır. Müştəri üçün ən önəmli amil bağlamalarının vaxtında və tez verilməsidir. Bizi fərqləndirən ən önəmli cəhət sürətimiz və xidmətimizdir.

- Çatdırılma həftədə neçə reysdir?

- Endirim aylarında həftədə 6 reysdir. Normal aylarda isə 3 və ya 4 reys olur. Bu da bağlamaların Azərbaycana tez çatması üçün ən önəmli prosesdir.

- Azərbaycanda xidmətlərinizə təlabat səviyyəsini necə qiymətləndirərdiniz?

- Hazırda bildiyinizə görə, “Trendyol”a yenilənmə gəlib və artıq birbaşa Azərbaycana çatdırılma var. Təbii ki, bu bizim işimizə təlabatı azaltmır. Çünki müştərilər ucuz olduğuna görə birbaşa Azərbaycana sifariş etdikdə uzun müddət gözləməli olurlar. Təxminən 15-20 gün gecikmə olur və ya bağlamaların gəlməyində gömrükdə problemlərlə rastlaşırlar. Bunun üçün də keçmiş standartlarda olduğu kimi, ümumiyyətlə, karqo şirkətləriylə sifariş gətirmək daha rahat hesab olunur. Mənim fikrimcə, 100 karqo şirkəti açılsa belə təlabat azalmayacaq. Çünki xarici məhsulların alışı bizim ölkədə proritet olub. Artıq hər kəs xarici məhsulları istifadə etmək məqsədiylə Türkiyə saytlarından sifariş edir. Təlabat hər zaman var və bu təlabət  günü-gündən də böyüyür.

- Şirkətin rəqabət səviyyəsi nə yerdədir?

- Rəqabət çox önəmli bir şeydir. Təbii ki, hər sahibkarın özünə rəqib gördüyü şirkət vardır. 2 il müddətində yığdığımız müştəri sayına görə şirkətimə rəqib görmürəm. Çünki rəqib görməli olduğum şirkətlər bizimlə eyni yaşda olmalıdırlar. 2-3 ilin şirkətləri bizim səviyyəmizdən qat-qat aşağı olduğu üçün heç kimi rəqib saymıram. Rəqib gördüyüm bizdən çox böyük şirkətlərdir. Hazırda onlarla da rəqabət aparmıram, amma yaxın 1 il ərzində böyük şirkətlərin səviyyəsinə çatdıqda onlarla rəqabətə girməyi düşünürəm.

- Bu sahədə üzləşdiyiniz problemlər nədir və əsasən hansı problemlərlə qarşılaşırsınız?

- Ən böyük problemlərdən biri müştərilərin diqqətsizliyidir. Burada bəzi məqamlar nəzərə alınmalıdır. Belə ki, hər bir şəxs öz mənafeyi naminə ilk növbədə öz işinin həll olunması kimi davranması və düşünməsi düzgün deyil. Yəni yeganə böyük problem müştərilərin bu sahədən məlumatsız olmasıdır ki,  bu da onlarda müəyyən qədər problemlərə səbəb olur. Ümumiyyətlə, bu işə başlayandan bəri elə də böyük problemlərlə üzləşməmişik.

Leyla Fikrətqızı
Fins.az