BİZNES

22 İyul

Şirkətimizin gəlirlərində ötən illə müqayisədə təxminən 30% artım olub – Leyla Naib Cabbarlı – FOTO

"High İnterior Design" şirkətinin rəhbəri, interyer-dizayner Leyla Naib Cabbarlının Fins.az-a müsahibəsi.

- "High İnterior Design" şirkətinin xüsusiyyətləri və xidmətləri nədir?

- "High İnterior Dizayner" şirkəti 2018-ci ildən fəaliyyətə başlayıb. Bu zamana qədər Türkiyədə və Rusiyada bir çox dövlət layihələrində çalışmışam. Türkiyədə əsasən otel layihələri olub. Dizayner sahəsində praktiki olaraq, 2006-cı ildən, professional olaraq isə 2010-cu ildən çalışmağa başlamışam. Bizim şirkətdə müştəriyə yanaşma tərzi fərqlidir. Biz müştərilərlə səmimi ünsiyyət qururuq. Çünki Avropa ölkələrində, xüsusilə İtaliyada memarların müştərilərlə necə işə başlamasına nəzər yetirdikdə görərik ki, onların əsas iş prinspləri müştəriyə məsuliyyətli yanaşmaqdan ibarətdir. Müştəriylə dost olub, səmimi ortam yaradırlar. Hətta İtaliyada ailəlikcə bir-birilərinin evlərinə gedib-gəlirlər. Bu zaman memar-dizayner müştərinin nə istədiyini anlayır. Bizdə isə bir çoxları oturaraq, söhbət edir və bununlada işin bitdiyini sanırlar. Belə bir söz var ki, dizayner həm də psixoloqdur. Dizayner müştəridən soruşmadan, artıq onun nə istədiyini hiss etməlidir. Bir sözlə, tez-tez ünsiyyətdə olaraq, ən azından çay süfrəsi arxasında səmərəli vaxt keçirməlidirlər. Zaman keçdikcə, tərəflər işdən kənar mövzulara toxunaraq, dost kimi söhbət aparmalıdırlar. Məsələn, müştəri hansı musiqilərə qulaq asır və ya hansı filmləri izləyir, həmçinin  həyat tərzi necədir və  başqa bu kimi suallara cavab tapmaq və ünsiyyət qurmaq üçün əla vasitədir. Belə münasibətlərdən sonra müştəri və dizayner arasında problem yaranmır.  Amma dizaynda dəyişiklik olan zaman bir çoxları aqressiv yanaşır və bu zaman öncədən qurulan dostluq münasibəti köməyimizə çatır.

- Ümumiyyətlə, nə kimi uğurlarınız  olub?

- İlk uğurum Türkiyənin Alanya şəhərində yaxta dizaynı olub.  2017-ci ildə Azərbaycanda isə qayıq dizaynına görə mükafat almışam. 

Beynəlxalq əlaqələrə gəldikdə isə Türkiyədə, Rusiyada işləyirəm. Avropaya da çıxışımız başlayıb. Həmçinin bu yaxınlarda Birləşmiş Ərəb Əmirliklərinin tərkibində yeddi əmirliklərdən biri olan Əbu-Dabiyə səyahətimiz olub. Orada da çalışırıq ki, bir çox layihələr həyata keçirək. Dizayn sahəsi bizim ölkədə son 5-7 ildə sürətlə inkişaf etməyə başladı. Təbii ki, bundan əvvəl dizaynerlər mövcud olub, lakin minimum sayda tanınan şəxslər var idi. Biz bu sahədə 2-ci nəsil olaraq çalşırıq. Bizdən sonra gələn 3-cü nəsil üçün yeni yol göstəririk. İndi hara baxsaq, hər kəs dizayn sahəsində çalışmaq istəyir. Bu sahəyə daha çox qiymət verməyə başlayıblar. Bunun səbəbi də insanların daha çox xaricə ölkələrə getmək həvəsidir. Bu zaman yeni memarlıq və dizayn nümunələri görürlər. Hər hansı bir otelə gedən zaman maraqlı bir ornament görürük və deyirik ki, bu ornamentlərdən mən də istəyirəm.  Bütün bunların nəticəsində gələcək nəsillər üçün də yeni ideyalar verəcəyik.

- Şirkətin rəqabət qabilliyəti hansı səviyyədədir?

- Hər bir şirkətin özünəməxsus iş prinsipi mövcuddur. Bizim şirkətdə müştərilərə yanaşma tam fərqlidir.  Hər bir müştəriyə xüsusi yanaşma vardır. Hər şirkətin özünün auditoriyası var. Bəzi şirkətlər var ki, dizayn studiyanı yalnız pul qazanmaq üçün istifadə edirlər. Reklamların qiymətində endirimlər edirlər ki, daha çox gəlirləri olsun. Amma gələcək perspektivi düşünmürlər. Mən isə əksinə, işlərimi reklam edirəm. Gördüyüm işlərin foto və  video materiallarını yayımlayanda qiymətlərini paylaşmıram. Bir növ işə yanaşma tərzimi paylaşıram. Bunun özü bir reklamdır. Çünki müştəri qiymətə yox, görülən işin keyfiyyətinə görə müraciət edir. Buna görə də tam olaraq güclü rəqabətin olduğunu deyə bilmərəm.

- Sahibkar olaraq, sizin bu sahədə əsasən üzləşdiyiniz problemlər nədir? Bu və digər problemlərin həlli istiqamətində nə kimi təklifləriniz var?

- İlk vaxtlar bu sahəyə gələndə daha çox insanlarla ünsiyyət qurmaqda problemlər olurdu. Müştəri ilə konflikt yaşanırdı. Buna da səbəb dizaynerin kommunikasiya bacarığını inkişaf etdirməməsidir. Əsas problem müştəri ilə dizayner arasında olur. Belə deyək, dizayner işi götürür, amma işi gecikdirir. Belə problemlərinin yaşanılmaması üçün tərəflər arasında müqavilə bağlanmalıdır. Sözdə razılaşma olduğu zaman dizayner çox vaxt işi yubadır. Mənə gələn şikayərlərdə müştərilər bildirirlər ki, ya dizayner işi yarımçıq qoyub, ya da işi vaxtında bitirməyib. Müştəri tərəfdən yaranan problemlər isə vaxtında ödəniş etməməsi olur.

Təbii ki, peşəkar memar-dizayner belə etmir. İndi kursu bitirməklə memar-dizayner olan çoxdur. Bunun üçün xüsusi təhsil var.

Son dövrlər isə deməzdim ki, probləmlər mövcuddur. Dizayner özünü nə qədər təkmilləşdirsə və öz üzərində çalışsa, problemlər mimimum həddə enər.

Məsləhətim odur ki, insanlarla ünsiyyət qurmağı bacarmaq qabilləyitənə malik olmalısan. İldən ilə yeni texnoloji yeniliklər baş verir. Dizayn sahəsində də hər il yeni ideyalar yaranır. Bunların hamısını izləmək lazımdır. Son dövrlər öz müşahidəmdə görmüşəm ki, insanlar işləməyə maraq göstərmir. Maraqlı təkliflər irəli sürürük. Hətta, özüm onlara köməy etməyə çalışıram. Amma görürəm ki, işləmək istəmirlər. Bu yaxınlarda bir gəncə tədbirə getməli olduğunu bildirdim. Tədbir mənə maraqlı deyil dedi. Əslində tədbirlər çox önəmlidir. Çünki yavaş-yavaş hər tədbirdə yeni insalarla tanış olursan və əlaqələr qurursan.

Digər həm məsləhətim, həm də təklifim budur ki, sosial şəbəkələrin, veb saytların olması və onların quruluşu, dizaynı estetik baxımdan çox vacibdir. Və digər xırda detalları planlı şəkildə daim yerinə yetirmək lazımdır.

- Şirkətinizin son 3 ay ərzindəki və  yaxud da 2022-ci ilin yekun hesabatlarında nə kimi yeniliklər və irəliləyişlər olub?

- 2022-ci ildə otellərdə və restoranlarda kommersiya işləri daha çox olub. Düzdür, işlər arasında mənzillər də olurdu. Lakin üstünlük digərlərinə nisbətən təlabat daha çox idi. İçərişəhərdə bir neçə otelləri dizayn etmişik.

Gəlirlərə qaldıqda isə ötən illə müqayisədə təxminən 30% artım olub. Hələ ki, əlavə yatırımlar etməsəm də, amma yaxın zamanda yatırım etməyi düşünürəm. Düzünü desəm, müştərilərimin ümumi sayını araşdırmamışam, lakin çox olduğunu deyə bilərəm. Onu vurğulayım ki, son 3-6 ay ərzində 5-6 müştəri cəlb olunub, amma müştəri itirməmişik.

Zəminə Hüseyn
Fins.az