Texnoloji həllər sahəsində faəliyyət göstərən “Global İnnovations” şirkətinin rəhbəri Zeynal Kərimzadənin Fins.az-a müsahibəsi.
- “Global İnnovations” şirkətinin inkişaf perspektivi, xüsusiyyətləri və xidmətləri nədir?
- Şirkət 2 il öncə aktiv fəaliyyətə başlayıb və rəsmi olaraq 7 ilə yaxın müddətdir ki, qeydiyyatdadır. Şirkət “fintex”, yəni maliyyə texnologiyaları sahəsində fəaliyyət göstərir. Azərbaycanda və xaricdə biznes, elektron ticarət sahəsindəki müştərilərə tez, rahat və keyfiyyətli çıxış təmin etmək üçün müəyyən texnoloji həllər verməyə çalışırıq. Bununla bağlı bir çox xidmətlərimiz mövcuddur və hazırda bir çoxları prosesdədir. Rəsmi olaraq “e-point” məhsulumuz var və bu məhsul sayəsində elektron ticarət xidmətini 3 dəqiqə ərzində həyata keçirmək mümkündür. ilyarımdır ki, rəsmi olaraq məhsulumuz bazara daxil olub. Bu müddət ərzində kifayət qədər nəaliyyətlərimiz olub. İlk olaraq onu deyim ki, “Texnofest”in startap müsabiqəsində ikinci yeri tutmuşuq və bu, yeganə qeydiyyatlı Azərbaycan startapı olub. Bundan başqa biz digər tədbirlərdə iştirak etdik və nəticə olaraq Qazaxıstanda yarımfinala çıxdıq. Həmçinin 2022-ci ilin noyabr ayında Gürcüstanda 3 ay ərzində proqram keçmişik. Həmin proqramın nəticəsində 100 min dollar investisiya almışıq. Azərbaycan tarixində “fintex” şirkəti olaraq ilk dəfə dünya şöhrətli qlobal mərkəzlərinin birinə daxil olduq. Ümumiyyətlə, Azərbaycanda "fintex" sahəsi yeni dirçəlməyə başlayıb və demək olar ki, 1-2 il ərzində formalaşıb. Biz də bir növ adımızı tarixə yazdıq. Məqsədimiz yerli sahibkarlara, əsasən də kiçik və orta sahibkarlara dəstək olaraq, onları rəqəmsallaşmağa yönəltməkdir. Yəni, bu o deməkdir ki, klassik oflayn satışlardan rəqəmsal onlayn satışlarına keçid edilir. Bununla bağlı istənilən xidməti öz layihəmiz çərçivəsində həyata keçirtməyə çalışırıq. Sahibkarları 3 dəqiqə ərzində reklam ticarətə qoşmaq istəyirik. Bu da o deməkdir ki, sahibkar vaxtına, müəyyən xərclərinə qənaət edir. Digər bir özəlliyimiz odur ki, biz fərqli banklarla işləyirik deyə, bir növ sahibkarın yerinə inteqrasiyalar etmiş oluruq. Beləliklə, sahibkarın əlavə texniki resurslara ehtiyacı qalmır və o, istənilən bankın müştərisi ola bilər. Bu da sahibkarın bankdan hər hansı asılılığı olmadığını göstərir. Sahibkarlar bizim platformadan qeydiyyatdan keçib, şəxsi bank hesabını və vəsaitlərini alır. Bu da bir növ sahibkara sərbəstlik verir. Keçən il müştərilər üzrə dövriyyə 14 milyon manat olub. Hazırda 21 milyon manatı keçmişik və getdikcədə bu dövriyyə artacaq. 400-ə yaxın müştərimiz var və 300 mindən çox əməliyyat keçirilib. Bizim bu xidmətlərimizin artması Azərbaycanın iqtisadiyyatının rəqəmsallaşması üçün yaxşı nəticədir ki, bizim kimi şirkətlər öz töhvəsini verərək, rəqəmsal iqtisadiyyatı tezləşdirir.
- Azərbaycanda, ABŞ-da, Kanadada, Ukraynada fərqli texnoloji həllər təklif etmisiniz. Bu texnoloji həllər dünyanın müxtəlif ölkələrində eyni şəkildə qəbul olunur? Ümumiyyətlə, bu biznes sahəsinin ölkələr arsında fərqini necə izah edə bilərsiniz?
- Fərqli ölkərdə fərqli layihələr həyata keçirtmişik. Bizim şirkət əvvəllər daha çox texnoloji şirkət idi. Müəyyən müddətli layihələri müştərilər üçün hazırlayırdıq.
Kanadada, Qazaxıstanda, Rusiyada, Ukraynada və Azərbaycanda müxtəlif layihələr həyata keçirmişik. Bu, həm mənim fərdi fəaliyyətimlə ilə bağlı idi, həm də şirkət olaraq müəyyən xidmətlər göstərmişik. Sadəcə, son 2 il ərzində bir məhsulun üzərində fokuslandıq. Düşündük ki, ayrı-ayrı layihələr etməkdənsə, ümumi bir layihə etməyimiz və onun tərkibində bir çox sahibkarı birləşdirməyimiz daha məqsədəuyğundur. Sözsüz ki, hər ölkənin öz spesifikası, xüsusiyyətləri və qanunvericiliyi var. Həmçinin hər bir ölkənin texnoloji tələbləri də fərqlidir. Gördüyümüz işləri digər ölkərdə təqdim etməyi nəzərə alsaq, Qazaxıstanda öz məhsulumuzu tanıtmağa çalışırıq. Məqsədimiz Qazaxıstan, Özbəkistan bazarlarına çıxmaqdır. Əlavə olaraq, Türkiyə bazarına nəzər yetiririk. Türkiyə ilə kifayət qədər yaxşı münasibətlərimiz var. Artıq Gürcüstanda da müəyyən əlaqələrimiz formalaşıb. Gürcüstanın bankları, asossasiyaları ilə bir neçə istiqamətdə araşdırmalarımız davam edir. Çünki hər yeni bazar müəyyən bir öhdəliklər, qanunvericiliylər və xərclər deməkdir. Hər hansı bazara daxil olanda, şirkət olaraq xərclərə hazır olmalısınız. Sözsüz ki, məhsulumuzu digər ölkələrdə görmək istəyirik. Bu səbəbdəndə də biz əsas ana şirkətimizi ABŞ-a keçirtdik. Hazırda da ABŞ-da qeydiyyatdan keçmişik və orada Azərbaycanın törəmə şirkəti olaraq fəaliyyət göstəririk. ABŞ şirkəti olaraq digər bazarlara daxil olmaq daha rahatdır. Ümid edirik ki, fərqli ölkələrdə məhsulumuzu tanıda biləcəyik. Azərbaycanlı olaraq çalışırıq ki, ölkəmizi və şirkətimizi tanıdaq. Məhsulumuz Azərbaycanda formalaşıb və özəlliyimizi itirməmək üçün digər ölkələrdə məhsulumuzu tanıtmağa çalışırıq. Bir sıra istiqamətlərdə Azərbaycan dünyada tanınır. Amma təəssüflər olsun ki, dünyada texnoloji tərəfdən o qədər də tanınmır. Bizim də məqsədimiz odur ki, dünayda həm şəxsi maraqlarımızı, həm də ölkəmizin maraqlarını qoruyaq.
- Xidmət göstərdiyiniz sahənin inkişaf perspektivləri ölkəmiz üçün nə vəd verir?
- Biz daimi bazarı araşdırırıq. Azərbaycanda kifayət qədər sahibkarlıq subyektləri var. Son 6 ayın hesabatına görə, Azərbaycanda təxminən 700 minə yaxın aktiv vergi subyekti var. Bu göstərici rəsmi olaraq Dövlət Vergi Xidmətinin hesabatında göstərilib. Biz bu istiqamətdə müştəri bölgüsünə nəzər yetirdikdə, kiçik və orta sahibkarlıq bazarının 95%-ni təşkil etdiyini görürük. Bu o deməkdir ki, yalnız 5% böyük şirkətlərdir. Bizim də istiqamətimiz kiçik və orta sahibkarlığa dəsətək olmaqdır. Burada da bizim kimi şirkətlərin çox böyük rolu var. Nə qədər tez sahibkarlara keyfiyyətli və rahat xidmət göstərə bilsək, onlar da rəqəmsal formada xidmət göstərməyə başlayacaqlar. Təəssüflər olsun ki, bugünkü gündə həmin sahibkarların rəqəmsal xidmətlərin göstərilməsi 1%-dən aşağıdır. Böyük bir bazar var və çalışırıq ki, biz birlikdə bazarı rəqəmsallaşdıraq. Üzərimizə düşən yük isə müəyyən məhsulların hazırlanması, o cümlədən, xidmətin vaxtında, keyfiyyətli verilməsi və sahibkarlara öyrədici funskiyası daşımaqdır. Biz bu prosesslərdən məmnunuq. Dövlət orqanları ilə sıx əməkdaşlıq edirik və daimi qarşılıqlı disskusiyalar olur. Onlar bazarda nə olduğunu başa düşmək istəyirlər. Hər bir şirkətin müəyyən kütləsi, müştərisi var. Problemləri səsləndiririk və çalışırıq ki, müəyyən işlər görək. Bazar rəqəmsallaşdıqca, həm sahibkarın maddi durumu düzələcək, həm də onların müştərilərinin daha tez və əlçatan xidmətləri olacaq. Ölkəmizdə xidmətlərimiz sayəsində iqtisadiyyatın rəqəmsallaşması daha sürətli templərlə irəliləyəcək, sahibkarlar daha savadlı olacaq və xidmətləri mənimsəyə biləcəklər. Bununla da əhali üçün rəqəmsal xidmətlər formalaşacaq.
- İnformasiya və maliyyə texnologiyaların inkişaf etdiyi bir zamanda sahibkarların biznesinin inkişafı üçün nə təklif edərsiniz?
- Hazır bir təklif yoxdur ki, onu deməklə bütün problemlər həll olunacaq. Əsas məqsədimiz sahibkarları rəqəmsallaşdırmaqdır. Bunun üzərində daim iş görürük. Satış, marketinq və texniki komandamız daim çalışır ki, sahibkarlara uyğun xidmət göstərə bilsin. Sahibkarları dinləyirik. Hər bir sahənin fərqli problemləri olur. Foks qrupları yaradaraq, onlarla müzakirə aparırıq. Geri dönüşlər əsasında bazara müəyyən yeniliklər daxil edirik. Sahibkarlara tövsiyyəm odur ki, "fintex" şirkətlərlə əməkdaşlıq etsinlər. İstənilən halda texnoloji yeniliklər oradadır. Sahibkarların da ehtiyacı özlərindədir. Birlikdə ortaq məhsullar üzərində işləmək olar. Bir sahibkarın bildikləri əsasında bir məhsul yaranacaqsa, onun sahəsində işləyən digər sahibkarlar da onu tətbiq etməli olacaq.
- Kiçik və orta sahibkarların bizneslərini genişləndirmək və şirkətlərinin xərclərini optimallaşdırmaq üçün konkret meaxnizm tətbiq olunur?
- Biz elektron ticarət sahəsində çalışırıq. Bugünə kimi biz və ya bizim kimi şirkətlər yaranana qədər klassik bizneslər elektron ticarətlərə qoşulmaq üçün banklara müraciət etməli olurdular. Bunun üçün də 20-30 günlük müəyyən prosesdən keçmək lazım gəlirdi. Ondan sonra texniki komanda yığmalı idi. Bu, həm vaxt baxımında uzun bir müddətdir, həm də əlavə xərclərə gətirib çıxardır. Biz ilkin olaraq prosesi 30 gündən 3 dəqiqəyə qısaltdıq. İkinci məsələ odur ki, müştərilər vaxtına qənaət edərək, rəqəmsal imza ilə müəyyən sənədləri imzalamaq olur. Üçüncü məsələ odur ki, saytları, mobil tətbiqləri olmayan müştərilərə kiçik formada ödənişsiz səhifələr yaratdıq və bu xidmətimizi bizim platformaya qoşulan hər bir sahibkara tətbiq edirik. Nəticədə də sahibkarlar texniki resurslara, xərclərinə qənaət etmiş olur.
- Dünyada baş verən iqtisadi proseslərin Azərbaycan sahibkarlarının bizneslərinə təsiri haqda nə deyə bilərsiniz?
- Dünya da bir çox proseslər baş verir. Hər istiqamət üzrə müəyyən sahələşmə var. Təəssüflər olsun ki, Azərbaycanda bunun tətbiq olunması üçün kifayət qədər resurs yoxdur. Resurs dedikdə, maliyyə və texnoloji həllərin verilməsi nəzərdə tutulur. Yəni, mövcud resurlar ya maliyyə qurumlarında formalaşıb, ya da mənim kimi hansısa müddət ərzində öz şirkətini yaradaraq, çalışırlar ki, maliyyə və texnoloji həllər təqdim etsinlər.
Beynəlxalq təcrübə çox vacibdir. Bizim də təqdim etdiyimiz məhsulların müəyyən xidmətləri beynəlxalq bazarda olan xidmətlərdən götürülüb. Konsept olaraq bu xidmət maraqlıdır və Azərbaycanda da işləyə bilər. Hər bir ölkədə uğurlu olan hansısa bir layihə o demək deyil ki, digər ölkədə eyni konsept üzrə fəaliyyət göstərə bilər. Biz də konsept seçərkən baxmışıq ki, Azərbaycan qanunvericiliyi buna icazə verirmi və yaxud Azərbaycan sahibkarları bugünkü gündə buna hazırdırmı? Çalışmışıq ki, layihələrimizi Azərbaycan xüsusiyyətlərinə uyğun formada tətbiq edək. Biznesi idarə edən şəxslər davamlı olaraq beynəlxalq təcrübələri müşahidə etməlidirlər. Həmçinin beynəlxalq təşkilatların tədbirlərinə, formlarına dqatılmalıdırlar. Azərbaycanda da dövlət səviyyəsidə də, özəl sektorda da maraqlı layihələr var ki, biz bunu digər ölkərə göstəririk. Onlardan biri ASAN Xidmətdir. Unikal bir xidmətdir və biz bundan çox məmnunuq. Digər ölkələrdə, formlarda bunu bir konsept olaraq tətbiq etmişik. Bu, dövlət tərəfindən tətbiq olunan resursdur. Getdikcə özəl sektorlarda da belə konseptlər formalaşsa və digər ölkələrə göstərsək, bunun bir növ bizim imicimizə müsbət təsiri olacaq. Gələcəkdə Azərbaycanda fəaliyyət göstərən peşəkarların xarici ölkələrin şirkətlərində fəaliyyət göstərməsinə asan yol açacaq. Dünyada baş verən rəqəmsallaşma həm xarici ölkələrin sahibkarları üçün, həm də bizim sahibkarlar üçün pozitiv tendesiya yaradır. Nə qədər tez rəqəmsallaşma baş verəcəksə, bir o qədər də mal və xidmətlərin alınması Azərbaycanda da sürətlənəcək. Belə ki, bizim sahibkarlar hansısa kommersiya ilə məşğul olurlarsa, bu, müəyyən loqistik işləri tezləşdirir, çatdırılma, ödənişlər və hansısa biznes prosesləri daha tez baş verir. Nəticədə də Azərbaycan istifadəçiləri yüksək səviyyədə xidmət ala biləcəklər. Şübhəsiz ki, dünyada gedən qloballaşma prosesləri Azərbaycanada təsir edir. Əsas məsələ odur ki, Azərbaycan sahibkarları bunun üzərində çalışsınlar və həmin xidmətlərdən yararlansınlar.
- Şirkətinizin 2022-ci ilin yekun hesabatlarında nə kimi yeniliklər və irəliləyişlər oldu?
- 2022-ci ildə 350 çox “B2B”, yəni biznes müştəri əldə etmişik. Bunlar əsasən də kiçik və orta sahibkarlardır. Maliyyə göstəricələrinə baxsaq, 14 milyon dövriyyəmiz olub və bu getdikcə də çoxalır. Bu ilin sonuna biz həmin məbləğin təxminən iki qatını gözləyirik. Bu istiqamətdə müəyyən işlər də gedir. Təxminən ilin sonuna 25-30 milyon arası dövriyyə gözləyirik. Sözsüz ki, belə işdə texniki infrastruktur çox vacibdir. Nə qədər çox əməliyyat olduqca, bizim də xərclərimiz çoxalır, infrastrukturumuz genişlənir. Bizim üçün 2023-cü il çox maraqlı və potensial bir il olmalıdır. Hazırda 500 min dollarlıq investisiya cəlb olunması üçün raund açmışıq. Bunu iyul ayının sonuna kimi bitirməyi planlaşdırırıq. Bu məbləği həm daxili infrastrukturun daha yaxşı keyfiyyətli göstərilməsinə, həm də qismən yeni bir bazarın açılmasına sərf etməyə çalışacağıq. Bununla da yoxlayacağıq ki, məhsulumuz digər bazarda uğurlu ola bilər, yoxsa yox?
Biz bundan öncə daha çox ödəniş platforması kimi fəaliyyətlər göstərirdiksə, indi artıq həmin konsepsiyada biraz dəyişikliklər edərək, yeni bir biznes modelləri üzərində çalışırıq. Biznesin onlaynda, yəni, rəqəmsal formada aparılması üçün istənilən xidmətləri bir yerdə birləşdirməyə çalışırıq. Bura çatdırılma xidməti, mühasibatlıq, marketinq, SMS məlumatlandırma və digər xidmətlər daxildir. Şərt deyil ki, biz hamısını özümüz etməliyik. Biz bazarda olan digər şirkətləri özümüzə birləşdiririk və bir növ onlar üçün də şatış kanalı yaradırıq. Eyni zamanda da bu bizim platformanın dəyərini artırır. Çünki müştərilərimizə əlavə dəyər verən bir funksiyalar veririk. Müştəriləmiz bir nöqtədə bir çox xidmətləri ala bilir. Bu həm biz, həm müştərilərimiz, həm də ki üçüncü tərəf şirkətlər üçün müsbət bir tendensiyadır. Düşünürəm ki, bu istiqamətdə ilin sonuna qədər işlər davam edəcək. Artıq bunu tam tətbiq edəndən sonra müştərilərin digər yerə getməsinə ehtiyac qalmayacaq. Yəni sahibkarlar bir nöqtədə istənilən xidmətlərdən yararlanacaqlar və öz bizneslərini inkişaf etdirə biləcəklər.
Fuad Mədətov
Fins.az