Ekologiya və Təbii Sərvətlər Nazirliyində “Yerin təki haqqında” yeni qanun layihəsinin tərəfindən qanun layihəsinin ictimai dinləməsi və müzakirələr təşkil olunub.
Fins.az xəbər verir ki, Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədr müavini Elçin Məcidovun, KOBİA-nın şöbə müdiri Eldəniz Əmirovun, ölkənin aparıcı şirkətlərinin nümayəndələrinin, qatıldığı tədbirdə bir sıra fikirlər irəli sürülüb. Əsas təkliflər mövcud yataqların istifadə müddətində dəyişikliklərin olmasına, lisenziyaların verilməsinə, faydalı qazıntıların mövcud olduğu ərazilərin təyinatı üzrə istifadə edilməsinə, təhlükəsizlik qaydalarına, tətbiq olunan cərimələrə, bəzi strukturlar tərəfindən sahibkarların işinə qanunsuz müdaxilələrə dair olub.
Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasına üzv olan “Avanqard N” MMC-nin baş hüquqşünası Səfa Nərimanovanın təklifi maraqla qarşılanıb. “Türkiyədə müvafiq qanunun şərtləri bizim qanunvericilikdə olduğundan dəfələrlə yumşaqdır. Belə ki, bazalt, mərmər, travertin, qranit mədənləri, gips, kaolin, perlit, kvarsit, kvars qumu üçün hərrac keçirilmədən “Dağ-mədən ayırma” aktı verilir. Özbəkistanda da “Dağ-mədən ayırması” statusu investisiyaya görə hərrac keçirilmədən birbaşa verilir. Cənab Prezident xarici ölkələrin müsbət təcrübələrinin Azərbaycana gətirilməsinin önəmini çıxışlarında həmişə vurğulayır. Respublikamızda saysız bazalt, dolomit, perlit, kalsit, əhəng yataqları vardır. Qeyri-neft sektorunun inkişafını təmin etmək məqsədilə ölkəmizdə ”Yerin təki haqqında” qanuna uyğun dəyişiklik edilməsi, 2-ci və 4-cu qrupda qeyd olunan mədənlərə hərrac keçirilmədən “Dağ-mədən ayırması” aktı verilməsi Azərbaycanda iqtisadiyyatın daha da güclənməsinə mühüm töhfələr verər”.
ATMİA-nın daha bir üzvü “Mətanət A” Şirkətlər Qrupunun dağ-mədən mühəndisi Cəsarət Şirəliyev diqqəti geoloji - kəşfiyyat işlərinin aparılmasına və uyğun lisenziyanın verilməsinə, habelə yataqların hərraca çıxarılmasına çəkib: ”Sahibkar yataqda öz vəsaiti hesabına geoloji işlər aparıbsa, sonrakı mərhələdə ona istismar lisenziyası birbaşa, yaxud hərrac yolu ilə veriləcək? Fikrimcə, birinci hal ona görə tətbiq edilir ki, mədənlərdə daşıma, habelə eksport xərcləri çox böyüməsin və sahibkar üçün baha başa gəlməsin, daha rahat işləsin. Hərraca gəldikdə isə, doğrudur, biz gömrük rusumundan azadıq, ancaq hərrac prosesi elə xammallara şamil edilir ki, bu, sahibkar üçün çox böyük maliyyə vəsaiti deməkdir. Məsələn, örnək verim: Azərbaycan şirkəti ilə Türkiyə şirkəti analoji tikinti materialını Rusiyaya ixrac edirsə, orada sağlam rəqabət olmayacaq. Çünki Türkiyədə sahibkarın bu baxımdan çəkdiyi xərclər daha azdır”. Agentliyin sektor müdiri Anar Alməmmədov layihədə yeni yataqların hərrac yolu ilə, artıq istifadə olunmuş yataqların isə müqavilə əsasında istismara veriləcəyini qeyd edib.
Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının Baş katibi Şahanə Sarı hazırda ölkə üzrə 800-ə yaxın mədənin istifadəsiz qalmasını vurğulayıb: “Bu fakt həm də xeyli iş yerinin azalması deməkdir və həmin bölgələrdəki insanlar üçün problem yaradır. ATMİA olaraq, bu məsələ ilə bağlı dağ-mədən sahəsində fəaliyyət göstərən sahibkarlardan şikayətlər alırıq.”. Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin təmsilçisi ciddi qanun pozuntuları, vergidən, məsuliyyətdən yayınmalar və digər belə hallar istisna olmaqla, yeni qanun layihəsində sahibkarlar üçün bir sıra güzəştlərin nəzərə tutulduğunu bildirib.