BİZNES

31 May

“İş adamları Cəmiyyətinin Milli Assosiasiyası” İctimai Birliyi təsis olunub

Sahibkarlıq subyektləri arasında işgüzar əlaqələrin yaradılmasına, birgə investisiya, innovasiya layihələrinin və digər təşəbbüskar layihələrin həyata keçirilməsinə dəstək vermək məqsədilə “İş adamları Cəmiyyətinin Milli Assosiasiyası” (İ.C.M.A) ictimai birliyi təsis olunub.

Fins.az xəbər verir ki, Assosiasiya,  iş adamları arasında koordinasiyanın təmin edilməsinə, onların bilik və bacarıqlarının artırılmasına kömək etmək, müvafiq istiqamətdə beynəlxalq təcrübəni öyrənmək və s.bu kimi vəzifələri qarşısına qoymuşdur.

Assosiasiyanın sədri və qanuni təmsilçisi  “Marsol Group” şirkətinin direktoru Tural Mustafayevdır.  Marsol Group 2017 – ci ildən sahibkarlar arasında biznes münasibətlərinin genişləndirilməsi, yeni işgüzar əlaqələrin qurulması məqsədilə fəaliyyətə başlayıb və  400 – dən çox sahibkarı öz ətrafında birləşdirir. Biznes networkinq sahəsində 6 illik  təcrübəyə malik olan şirkət, əldə olunmuş təcrübələri Assosiasiyanın fəaliyyəti vasitəsilə ölkə iqtisadiyyatının inkişafı üçün daha geniş şəkildə təqdim edəcək.

Birliyin İdarə Heyətində iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən nüfuzlu şirkətlərin rəhbərləri təmsil olunur.

Qeyd edək ki, “İş adamları Cəmiyyətinin Milli Assosiasiyası” ictimai birliyi 8-10 iyun tarixlərində Kristal Hall da keçiriləcək Ümumillilider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş, “Heydər Əliyev və Azərbaycan sahibkarlığı” yerli şirkətlərin tanıtım sərgisinin tərəfdaşıdır. Sərgidə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 150 – dən çox şirkət öz məhsul və xidmətlərini nümayiş etdirəcək.