BİZNES

30 May

Azərbaycanda özəl sektor və investorlar tərəfindən yaşıl enerji və ətraf mühitlə bağlı layihələrin icrası nəzərdən keçirilməlidir

Azərbaycanda özəl sektor və investorlar tərəfindən günəş enerjisi sistemləri, kiçik güclü mobil günəş və batareyalı enerji sistemləri, istixanalar üçün günəş və istilik nasoslu enerji sistemləri, binalarda biokütlə enerjisindən istilik məqsədli istifadə üçün enerji sistemlərinin tətbiqi və bir sıra digər müxtəlif layihələrin icrası nəzərdən keçirilməlidir.

Fins.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev "Yaşıl enerji və ətraf mühit" bizneslər üçün inkişaf perspektivləri mövzusunda ictimai müzakirədə deyib.

Nazir qeyd edib ki, ötən il Azərbaycan "Ümumi evimiz olan Dünya üçün Sıfır Tullantı üzrə Qlobal öhdəliyə dair Bəyannamə"yə qoşulub və hazırda Azərbaycanda “sıfır tullantı” modelinin, yəni tullantıların formalaşdığı mənbələrdə ayrıca toplanaraq müvəqqəti saxlanmasından təkrar emal edilməsinə qədər bütün prosesləri özündə birləşdirən idarəetmə sisteminin mərhələli şəkildə yaradılması istiqamətində işlərə başlanılıb:

Onun sözlərinə görə, eyni zamanda istehsalçılar və idxalçılar qarşısında qablaşdırma tullantılarının təkrar istifadəsi və utilizasiyası öhdəliyi yaradan İstehsalçının genişləndirilmiş məsuliyyəti mexanizmi üzrə Qanun layihəsi hazırlanıb.

M.Babayev vurğulayıb ki, iqtisadiyyatın bütün sahələrində yaranan istehsal tullantılarının tərkibində olan biokütlə maddələrindən elektrik enerjisinin istehsalında istifadə olunan bioqaz, biomaye və bərk biokütlənin alınması mümkündür:

"Ölkənin potensialı bir daha göstərir ki, bu istiqamətdə dövlət və özəl sektorun birgə fəaliyyəti dayanıqlı və "yaşıl" inkişafın uğurla reallaşmasına şərait yaradacaq. Müasir iqtisadiyyatda təkrar emal anlayışı mühüm yer tutur".

Fuad Mədətov
Fins.az