BİZNES

26 May

Azərbaycan banklarının Qazaxıstan səfəri başa çatıb - FOTO

May ayının 23-26-da Azərbaycan Bank Tədris Mərkəzinin (ABTC) təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının və Qazaxıstan Respublikası Banklar Assosiasiyasının dəstəyi ilə Azərbaycan banklarının kredit, risk və rəqəmsallaşma üzrə rəhbər şəxslərinin təcrübə mübadiləsi və təlim məqsədi ilə Almatı şəhərinə səfəri baş tutmuşdur.

Fins.az xəbər verir ki, səfər çərçivəsində “Halyk Bank”, “Bank Center Credit”, “Jusan Bank”, “Freedom Finance”, “VTB Bank” (Qazaxıstan), “Home Credit Bank”, “Eurasian Bank”, “Bereke Bank”, “Otbası Bank” və biznesin inkişafına dəstək fondu olan “DAMU” Fondu ilə görüş keçirilmişdir.

Görüşlərdə iştirakçılara aşağıdakı məsələlər üzrə Qazaxıstan bank sektorunun təcrübəsi haqqında məlumat verilmişdir:

  • “Agile” idarəetməyə keçid prosesi;
  • Pərakəndə bankçılıq və pərakəndə kreditləşmə; 
  • Biznes kreditlərində satış üsulları;
  • Kredit risklərinin idarə edilməsi;
  • Risklərin idarəedilməsi üzrə korporativ yanaşma;
  • Kənd təsərrüfatı kreditləri üzrə yeni məhsullar, təhlil prosesi və kreditin verilməsi mexanizmi;
  • Rəqəmsallaşma və avtomatlaşdırma, rəqəmsal biznes bankçılığı və rəqəmsal biznes platforması;
  • Biznes kreditləşmə prosesində rəqəmsal həllər, innovativ trendlər;
  • Onlayn bankçılıqda biznes kreditləri;
  • Kredit rəsmiləşmə prosesində rəqəmsallaşma, “digital onboarding process”;
  • Qazaxıstanda biznesə dəstək fondunun fəaliyyəti, təklif edilən məhsullar, subsidiya və zəmanət mexanizmləri, eləcə də fondla banklar arasında münasibətləri tənzimləyən qaydalar.

Bununla yanaşı iştirakçılara Qazaxıstan Respublikası Banklar Assosiasiyası tərəfindən “Qazaxıstan bank sistemi haqqında ümumi məlumat, kredit portfelinin bölgüsü, bazarın rəqəmsallaşma səviyyəsi” mövzusunda seminar keçirilmişdir.

Görüşlərdə Azərbaycan bank sektorunu 41 nəfərlik nümayəndə heyəti təmsil etmişdir.

Qeyd edək ki,  Azərbaycan Bank Tədris Mərkəzi (ABTC) 2000-ci ildə Avropa Birliyi tərəfindən yaradılıb, Azərbaycan Banklar Assosiasiyasının törəmə müəssisəsidir. İndiyə qədər ABTC tərəfindən 240-a yaxın təlim mövzusu üzrə, 36 mindən çox dinləyiciyə 2500-ə yaxın təlim kursu təşkil edilmişdir.