BİZNES

26 May

Palata: 9 dövlət qurumunda bir mənbədən satınalma 65%-dən yüksək olub

2022-ci ildə Azərbaycanda cəmi satınalma məbləğində bir mənbədən satınalmanın payında əhəmiyyətli olduğu (65%-dən çox) 9 dövlət qurumu qeydə alınıb.

Fins.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyi"ndə əksini tapıb.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin satınalmalarında bu metodla satınalmanın çəkisi 95,8%, Akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda 87,5%, Aqrar Sığorta Fondunda 84,6%, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyində 81,8%, Mədəniyyət Nazirliyində 78,8%, Azərbaycan Respublikasının Kosmik Agentliyi üzrə 75,8%, Kənd Təsərrüfatı Nazirliyi üzrə 75,7%, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzi üzrə 74,5%, Azəbaycan Respublikası Audiovizual Şurası üzrə isə 68,5% təşkil edib.

Ötən ildə say baxımından satınalmalar arasında bir mənbədən satınalma metodu 35,4 faiz, elektron da daxil olmaqla açıq tender 33,6 faiz, kotirovka sorğusu 27,0 faiz, təkliflər sorğusu 4,0 faiz paya malik olub.

Məbləğ baxımından satınalmada açıq tender (elektron daxil olmaqla) ümumi məbləğdə 50,6 faiz, bir mənbədən satınalma metodu 33,6 faiz, təkliflər sorğusu 14,8 faiz, kotirovka sorğusu 1,0 faiz paya malik olub.

2022-ci illərdə keçirilmiş satınalmalar barədə hesabata əsasən, ötən il ümumilikdə, 12102 sayda satınalma həyata keçirilib və məbləğ 6779,2 milyon manat təşkil edib. Beləliklə, ötən ildə 4063 sayda açıq tender üzrə (elektron da daxil olmaqla) məbləğ 3430,6 milyon, 3271 sayda kotirovka sorğusu üzrə 67,9 milyon, 490 sayda təkliflər sorğusu üzrə 1002,2 milyon, 4278 sayda bir mənbədən satınalma üzrə isə məbləğ 2278,5 milyon manat təşkil edib.
2022-ci il ərzində satınalma metodlarının say baxımından 40,5 faizi ilin I yarısında, 59,5 faizi isə II yarısında tətbiq edilib.

Keçirilmiş satınalmaların məbləğ baxımından 2022-ci ilin rübləri üzrə dinamika belədir: dövlət satınalmalarının məbləğ ifadəsində 35,1 faizi və ya 2379,9 milyon manatı, o cümlədən açıq tender üzrə satınalmaların 28,2 faizi və ya 628,5 milyon manatı, elektron açıq tender üzrə satınalmaların 43 faizi və ya 517,5 milyon manatı, kotirovka sorğusu üzrə satınalmaların 44,1 faizi və yaxud 30 milyon manatı, təkliflər sorğusu üzrə satınalmaların 68,7 faizi və ya 689,0 milyon manatı, bir mənbədən keçirilən satınalmaların 22,6 faizi və yaxud 515 milyon manatı ilin IV rübünü əhatə edib.