BİZNES

24 May

Keçən il valyuta hərraclarında təklif tələbi üstələyib

Hesabat ilində ölkəyə daxil olan xarici valyutanın məbləğində əhəmiyyətli artım izlənib, bu, valyuta bazarında tələb və təklifə təsir etməklə valyuta hərraclarında təklifin tələbi üstələməsi ilə nəticələnib.

Fins.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyi"ndə əksini tapıb.

Qeyd edilib ki, 2022-ci il ərzində keçirilmiş 99 valyuta hərracında 5185,7 mln. ABŞ dolları satılıb, bu məbləğ əvvəlki ilə nisbətən 1502,6 mln. ABŞ dolları və ya 22,5% az olub. Orta hesabla bir hərracda reallaşan valyuta tələbi də 2021-ci illə müqayisədə azalıb və 67,6 mln. ABŞ dollarından 52,4 mln. ABŞ dollarına enmiş, bununla da 70,0 mln. ABŞ dolları olan orta valyuta təklifindən az olub.

Valyuta bazarında tarazlığın qorunması məqsədilə il ərzində AMB tərəfindən valyuta bazarına edilmiş alışyönlü müdaxilələrin həcmi 2048,0 mln. ABŞ dollarına bərabər olub.

İl ərzində keçirilmiş valyuta hərraclarında DNF tərəfindən reallaşdırılmış valyuta satışı nəticəsində 7923,0 mln. manat dövlət büdcəsinə transfert edilib. Ən yüksək valyuta satışına müvafiq olaraq, yanvar ayında dövlət büdcəsinə transfert edilməsi nəzərdə tutulan DNF vəsaitləri aylıq proqnoza uyğun olaraq tam həcmdə icra olunub. Hərraclar üzrə ən yüksək valyuta satışı yanvar ayında olmuş, 2-ci rübdən başlayaraq ölkənin xarici valyuta daxilolmalarının artması valyuta bazarında satışın azalması ilə müşayiət olunub.

Belə ki, baxılan dövrdə həm neft-qaz, həm də qeyri-neft sektorunun ixracı üzrə gəlirlər artıb, bundan əlavə ölkəyə daxil olan pul baratlarının həcmində əhəmiyyətli artım müşahidə edilib. Nağd xarici valyuta ilə mübadilə əməliyyatlarına dair məlumatların təhlil göstərir ki, valyuta bazarında tələb azalmış və 2022-ci ilin 2-ci rübündən etibarən ABŞ dollarının banklar tərəfindən alışı satışını üstələyib, bu tendensiya 4-cü rübədək davam edib. Hesabat ilinin aprel-avqust ayları ərzində alış və satış arasında fərqin ən yüksək məbləği iyun ayında qeydə alınmış, müvafiq valyuta üzrə alış satışdan 72,3 min ABŞ dolları çox olub. İlin yekunlarına görə, nağd mübadilə əməliyyatları zamanı satış alışı üstələsə də, bu fərq 2021-ci illə müqayisədə 2,3 dəfə azalıb. Tədiyə balansı barədə məlumatların təhlili valyuta bazarında xarici valyuta təklifinin artmasının enerji xammallarının qiymətlərinin artması nəticəsində mal ixracının, həmçinin ölkəyə göndərilmiş pul baratlarının müsbət dinamikası ilə əlaqəli olduğunu deməyə imkan verir.

Məlumatlara əsasən, 2022-ci ildə ölkəyə göndərilən pul baratları 3,6 mlrd. ABŞ dolları olub ki, bu da əvvəlki ilə nisbətən 3,2 dəfə çoxdur. Ölkənin xarici valyuta daxilolmaları ilə bağlı eyni tendensiya dövlət büdcəsi üzrə də müşahidə edilmiş, birbaşa xarici valyutada daxil olmuş məbləğin proqnozlaşdırıldığından çox olması DNF transfertlərinin qənaətli icrasına imkan yaradıb. Belə ki, dövlət büdcəsinin icrası barədə məlumatlara əsasən, 2022-ci ildə dövlət büdcəsinin xarici valyutada daxil olan gəlirlərinə aid edilən hasilatın pay bölgüsü sazişləri üzrə podratçı tərəflərin mənfəət vergisi 5393,9 mln. manat olmaqla, proqnozla müqayisədə 2723,9 mln. manat artıq icra edilmişdir. Dövlət büdcəsinin xarici valyutada aparılan xərc istiqamətlərinə isə 2022-ci ildə nəzərdə tutulan 2631,0 mln. ABŞ dollarından da çox olmaqla 2818,1 mln. ABŞ dolları və ya 4790,8 mln. manat vəsait yönəldilib.