BİZNES

24 May

İdxalın artması büdcəyə gömrük daxilolmalarını 1 mlrd. manatdan çox artırıb

2022-ci ildə gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə 5654,6 milyon manat məbləğində vəsait daxil olmuşdur ki, bu da 4605,0 milyon manat proqnozla müqayisədə 1049,6 milyon manat və ya 22,8 faiz, 2021-si illə müqayisədə 1311,6 milyon manat və ya 30,2 faiz çoxdur.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabatda bildirilib.

Hesabat dövründə gömrük orqanlarının xətti ilə proqnozla nəzərdə tutulduğundan artıq daxilolmalara səbəb əsasən idxalın həcminin əvvəlki illə müqayisədə 2834,1 milyon ABŞ dolları və ya 24,2 faiz artması (o cümlədən qeyri-neft sektoru üzrə 3103,6 milyon ABŞ dolları və ya 28,5 faiz) ilə izah olunur.

Bununla yanaşı, gömrük orqanlarının xətti ilə artıq daxilolmalar hesabat ilində ƏDV üzrə azadolmaların idxalda xüsusi çəkisinin 20,6 faizdən 19,2 faizə (1,4 faiz bəndi) enməsi nəticəsində ƏDV-yə cəlb olunan idxalın əlavə olaraq 2452,4 milyon ABŞ dolları və idxal rüsumuna cəlb olunan idxalın 1029,7 milyon ABŞ dolları artması daxilolmaların nəzərdə tutulandan çox olması ilə nəticələnib.