BİZNES

24 May

Aksizlər üzrə büdcə daxilolmaları proqnozdan 3%-ə yaxın az icra edilib

Qeyri-neft sektoru üzrə aksizlərdə 539,0 milyon manat proqnoza qarşı daxilolma 524,7 milyon manat və ya nəzərdə tutulduğundan 14,3 milyon manat (2,7 faiz) az icra edilib.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabatda bildirilib.

Bu, 2021-ci illə müqayisədə isə 65,7 milyon manat (14,3 faiz) çoxdur.

Qeyri-neft sektoru üzrə aksiz vergisinin proqnozdan az icra olunmasının səbəbi 2022-ci il üzrə faktiki spirtli içki istehsalının proqnozların tərtibi zamanı təqdim edilən istehsal proqnozundan az olması ilə izah oluna bilər. Belə ki, faktiki spirtli içki istehsalı proqnozdan 650,7 min dkl və ya 52,3 az olaraq 1244,9 min dkl, satılmış aksiz markalarının sayı isə 2021-ci il ilə müqayisədə 8,8 milyon ədəd və ya 12,3 faiz azalaraq 63,1 milyon ədəd təşkil edib.

Qeyd edilib ki, 2021-ci illə müqayisədə qeyri-neft sektoru üzrə aksiz vergisinin çox olmasının əsas səbəbi 2022-ci ildən tütün məmulatlarına tətbiq edilən aksiz dərəcələrinin artırılması ilə əlaqədardır. Belə ki, tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin hər 1000 ədədinə görə tətbiq edilən aksiz dərəcəsi 3,5 manat artırılaraq 38,5 manat müəyyən edilmişdir. Aksiz vergisinin dərəcəsinin artımının təsiri olaraq əvvəlki ilə nisbətən vergi ödənişləri artsa da, satılmış aksiz markalarının sayı 315,7 milyon ədəd və ya 29,4 faiz azalaraq 756,3 milyon ədəd təşkil edib.