Azərkosmosun nümayəndə heyəti 23-25 may tarixlərində Norveçin paytaxtı Oslo şəhərində keçirilən “İqlim dəyişikliyi üzrə qlobal kosmik konfrans”da (Global Space Conference on Climate Change) iştirak edir.
Fins.az xəbər verir ki, dünyanın aktual mövzusu olan iqlim dəyişikliyi üzrə beynəlxalq təşəbbüsləri təşviq etmək və təcrübə mübadiləsi aparmaq məqsədilə keçirilən bu konfrans Beynəlxalq Astronavtika Federasiyası və Norveç Kosmik Agentliyi ilə birgə təşkil olunub.
İri kosmik agentliklər – Avropa Kosmik Agentliyi, Avropa İttifaqı Kosmik Proqramı Agentliyi (EUSPA), İtaliya, Fransa, Norveç, Böyük Britaniya, Avstriya, Polşa, Birləşmiş Ərəb Əmirlikləri, Yaponiyanın kosmik sahə üzrə nümayəndələri, siyasətçiləri, elm adamları iqlim dəyişikliyi üzrə yol xəritələrini müzakirə etmək və qlobal iqlim dəyişikliyinin azaldılması tədbirlərinə töhfə vermək üçün bir araya gəliblər.
Konfransda iqlim dəyişikliyinin ətraf mühitə təsiri, iqlim dəyişikliyi ilə idarə olunan kosmik tətbiqlər və xidmətlər, dəyişən iqlimin siyasətə və qanuna təsiri, iqlim dəyişikliyinin yaratdığı kommersiya imkanları, iqlim dəyişikliyi ilə bağlı kosmik missiyalar üzrə indiki və gələcək əməkdaşlıq, ətraf mühitin dəyişməsinin sosial, kommunikasiya, iqtisadi ölçüləri müzakirə olunur.
Azərkosmosun İdarə Heyətinin sədri Saməddin Əsədov konfransda bildirib ki, ölkəmizdə də iqlim dəyişikliyinin səbəblərini anlamaq və yaxın gələcəkdə mümkün mənfi təsirləri aradan qaldırmaq üçün davamlı kosmik monitorinqlər aparılır. Bunun üçün Azərkosmos tərəfindən “Azərbaycanın İqlim Hesabatı” sənədi də hazırlanıb O, çıxışında “Azərbaycanda il ərzində baş verən dəyişiklikləri, xüsusilə yanğınlar, quraqlıq, buzlaq örtüyü sahələrinin, su ehtiyatlarının ekoloji vəziyyətini aşkar etmək üçün peyk təsvirləri ilə müqayisəli təhlillər aparmışıq”, – deyə qeyd edib.
Panel müzakirələri ilə davam edən konfransda Azərkosmosun nümayəndələri ilə yanaşı, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov da iştirak edir.
25 may tarixinə kimi davam edəcək tədbirin qonaqlarına bu ilin 2-6 oktyabr tarixlərində Bakıda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresinə dair geniş məlumat verilir, həmin qonaqların bu konqresə qatılması üçün təbliğat-təşviqat işləri aparılır.