Ötən il məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq bölmələri üzrə xərclər açıqlanıb.
Fins.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”da yer alıb.
Qeyd edilib ki, 2022-ci ildə məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq bölməsi üzrə xərclərə aidiyyəti büdcə təşkilatlarının xərc sifarişlərinə uyğun olaraq 2366,7 milyon manat məbləğində vəsait istifadə olunub ki, bu da ayrılması nəzərdə tutulan 2381,0 milyon manat məbləğində vəsaitə nisbətən 14,3 milyon manat və ya 0,6 faiz az, 2021-ci illə müqayisədə isə 333,7 milyon manat və ya 16,4 faiz çoxdur. Bu xərclər ÜDM-in 1,8 faizini, dövlət büdcəsi xərclərinin isə 7,4 faizini (2021-ci illə eyni səviyyədə) təşkil edib.
Bununla yanaşı, dövlət əsaslı vəsait qoyuluşu xərclərindən ayrılmış 60,1 milyon manat məbləğində vəsait də nəzərə alınmaqla, 2022-ci ildə məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq bölməsi üzrə xərclərə dövlət büdcəsi xərclərinin 7,6 faizi həcmində və ya 2426,8 milyon manat məbləğində vəsait yönəldilib ki, bu da 2021-ci illə müqayisədə 328,6 milyon manat və ya 15,7 faiz çoxdur.
Hesabat ilində ictimai asayişin, sosial və digər tədbirlərin maliyyələşdirilməsi üçün 68,3 milyon manat vəsait sərf olunub.
Dövlət büdcəsinin vəsaiti hesabına 31476 nəfər şəxsə hüquqi yardım göstərilməsi üçün hesabat ilində dövlət büdcəsindən 6,0 milyon manat məbləğində vəsait ayrılıb.
2022-ci ilin dövlət büdcəsinin məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq bölməsindən maliyyələşən idarə və təşkilatların dövlət büdcəsindən ayrılmış təxsisatlardan başqa əlavə gördükləri iş və göstərdikləri xidmətlərdən əldə etdikləri gəlirlər hesabına maliyyələşdirilən xərcləri (büdcədənkənar xərcləri) 236,0 milyon manat təşkil edib.