BİZNES

24 May

İcmal büdcənin gəlir və xərclərinin əsas istiqamətləri üzrə icrası açıqlandı

2022-ci il icmal büdcənin gəlir və xərclərinin əsas istiqamətləri üzrə icrası açıqlanıb.

Fins.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”da yer alıb.

Qeyd edilib ki, 2022-ci il icmal büdcənin gəlirləri 36760,9 milyon manat proqnoza qarşı 6336,7 milyon manat və ya 17,2 faiz çox icra edilməklə, 43097,6 milyon manat təşkil edib. Bu da 2021-ci illə müqayisədə 9193,9 milyon manat və ya 27,1 faiz çoxdur.

İcmal büdcənin xərcləri 35640,9 milyon manat proqnoza qarşı 35073,6 milyon manat və ya 1,6 faiz az icra edilsə də, 2021-ci illə müqayisədə isə 5083,1 milyon manat və ya 16,9 faiz çoxdur.

İcmal büdcənin tərkib hissəsi olan Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlirləri Fondun 5606,3 milyon manat məbləğində təsdiq olunmuş göstəricisinə qarşı 5729,7 milyon manat və ya 123,4 milyon manat (2,2 faiz) çox, yəni 102,2 faiz icra olunub. Bu, 2021-ci illə müqayisədə 551,7 milyon manat və ya 10,7 faiz çoxdur.

Fondun gəlirlərinin 19,8 faizini və ya 1132,0 milyon manatını dövlət sosial müdafiə fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün ayrılan vəsait (2021-ci ilə nisbətən 175,4 milyon manat və ya 13,4 faiz az), 80,2 faizini və ya 4597,7 milyon manatını (2021-ci ilə nisbətən 727,1 milyon manat və ya 18,8 faiz çox) məcburi dövlət sığorta haqlarından və sair mənbələrdən daxilolmalar təşkil edib.

Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin xərcləri təsdiq olunmuş 5606,3 milyon manata qarşı 5252,1 milyon manat (354,2 milyon manat az) və ya 93,7 faiz icra olunub ki, bu da 2021-ci ilə nisbətən 409,1 milyon manat və ya 8,4 faiz çoxdur.

İşsizlikdən Sığorta Fondunun büdcəsinin gəlirləri təsdiq olunmuş 181,4 milyon manat proqnoz göstəricisinə qarşı 172,8 milyon manat və ya 95,3 faiz icra olunub.

Fondun gəlirlərinin 11,4 faizi və ya 19,7 milyon manatı dövlət büdcəsindən maliyyələşən təşkilatların sığorta ayırmalarının, 88,6 faizi və ya 153,1 milyon manatı sair daxilolmalar hesabına təmin edilib.

İşsizlikdən Sığorta Fondunun büdcəsinin xərcləri təsdiq olunmuş 181,4 milyon manat proqnoz göstəricisinə qarşı 163,4 milyon manat və ya 90,1 faiz icra edilib ki, bu da 2021-ci illə müqayisədə 32,5 milyon manat və ya 24,8 faiz çoxdur.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcəsinin gəlirləri təsdiq olunmuş 15789,1 milyon manat proqnoz göstəricisinə qarşı 16866,5 milyon manat və ya 6,8 faiz çox olub.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcəsinin xərcləri 7960,4 milyon manat icra edilib ki, bu təsdiq olunmuş proqnoz göstəricisinə qarşı 3602,7 milyon manat və ya 31,2 faiz azdır.

Fondun xərclərinin 7923,0 milyon manatını və ya 99,5 faizini dövlət büdcəsinə transfert (nəzərdə tutulandan 3594,5 milyon manat az), 22,2 milyon manatını və ya 0,3 faizini (nəzərdə tutulandan 5,6 milyon manat az) “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın, 15,2 milyon manatını və ya 0,2 faizini isə (nəzərdə tutulandan 2,6 milyon manat az) “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın maliyyə təminatı təşkil edir.

2021-ci ildə vergi və gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə daxilolmalarda müşahidə olunan artım Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulan transfertdən 3594,5 milyon manat və ya 31,2 faiz az istifadə olunmasına imkan verib.