Vilnüsdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Litva Respublikasının Prezidenti Gitanas Nausedanın iştirakı ilə Litva – Azərbaycan biznes forumu keçirilib.
ASK-dan Fins.az-a verilən məlumata görə, forum çərçivəsində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Litva Sənayeçilər Konfederasiyası (LPK) arasında Azərbaycan-Litva İşgüzar Şurasının yaradılması üzrə Saziş imzalanıb.
Sənədə əsasən, İşgüzar Şura, hər iki ölkə, Azərbaycan və Litva olan tərəfdaş institutlar arasında biznes əlaqələrini təşviq etmək, əməkdaşlıq istiqamətləri və bu istiqamətdə qarşıya çıxacaq məsələləri konsolidasiya etmək hədəfi daşıyır. İşgüzar Şuranın üzvləri təşkilatların üzvlərindən formalaşacaq. Qurum Azərbaycan Respublikası və Litva Respublikası sahibkarları arasında ticari və iqtisadi əlaqələrin təşviqinə və genişləndirilməsinə qarşılıqlı yardım etmək və töhfə vermək üçün bütün istiqamətlərdə fəaliyyət göstərəcək.
Qeyd edək ki, dövlət rəsmiləri ilə yanaşı, sənaye, maliyyə, tikinti, kənd təsərrüfatı, turizm, neft-kimya, əczaçılıq və İKT sahələrində fəaliyyət göstərən şirkət nümayəndələrinində iştirak etdiyi forumda çıxış edən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev ölkəmizdə investisiya mühiti, sahibkarlığın inkişafı, eləcə də Azərbaycan və Litva arasında iqtisadi əməkdaşlıq imkanları barədə fikirlərlərini də bölüşüb. Qərara alınıb ki, şuranın ilk iclası Azərbaycanda keçirilsin.