BİZNES

23 May

Dünyanın nüfuzlu analitiklərinin qlobal iqtisadi artımda 2023-cü il üzrə 2.7%-dək azalma gözləntiləri var

“Freedom Finance Azerbaijan” ASC şirkətinin direktoru Vüsal Məmmədovun Fins.az-a müsahibəsi.

- “Freedom Finance Azerbaijan” ASC şirkətinin əsas iş prinsipi və fəaliyyəti nədir?

- “Freedom Finance Azerbaijan” ASC şirkəti 2021-ci ilin fevral ayında  qeydiyyatdan keçib. Təsis edildikdən sonra ilkin olaraq fəaliyyəti quruculuq işlərinə köklənmişdir. Şirkətimiz son bir ili isə marketinqə fokuslanaraq, brendin tanınmasına istiqamətlənmişdir.

Hal-hazırda əsas fəaliyyət istiqamətimiz maliyyə sektoru üzrə maliyyə savadlılığının artırılmasıdır. Əsasən də fond bazarı üzərində çalışırıq.

“Freedom Finance Azerbaijan” ASC-nin ana şirkəti “Freedom Holding Corp”dur. Holdinqin fəaliyyəti tamamilə “FinTex” (Maliyyə texnologiyaları) olaraq qiymətləndirilir. Bu rəqəmsal ekosistemə, əsasən, broker fəaliyyəti və qiymətli kağızlar bazarında vasitəçilik də daxil olmaqla geniş spektrli maliyyə xidmətləri daxildir. Hazırda 15 ölkədə fəaliyyət göstəririk. ABŞ-da birbaşa Nyu-York birjasının üzvü olan broker şirkətindən tutmuş, eyni zamanda Avropada və son nöqtə olaraq Qazaxıstana qədər maliyyə vasitəçiliyi fəaliyyəti göstəririk. Keçən ildən etibarən, Rusiyada olan bank və biznesin broker fəaliyyəti özgəninkiləşdirilərək dayandırılmışdır.

Holdinqin təmsil olunduğu ölkələr əsasən postsovet ölkələridir. Bununla belə, digər ölkələrdə də yeni bazarlar kəşf edirik. Holdinq daxilində broker və bankçılıqla bərabər sığorta xidmətimiz də mövcuddur. Həm həyat, həm də kasko sığorta fəaliyyəti ilə məşğuluq. Eyni zamanda müxtəlif kiçik ödəniş sistemləri və s. fəaliyyətlərlə də məşğuluq. 

Azərbaycanda təlim mərkəzi kimi fəaliyyət göstərməyimizin əsas səbəbi qiymətli kağızlar və kapital bazarı ilə bağlıdır. Belə ki, bu sahədə maliyyə savadlılığının aşağı olması bizim belə strategiya müəyyən etməyimizə səbəb oldu. İlk olaraq düşündük ki, ölkəyə investisiya yatıraraq maliyyə savadlılığını artıraq. Sonrakı mərhələlərdə isə biznesin fəaliyyətinə keçid prosesinə başlamaqdır. Hələ ki, bu strategiya çox yaxşı göstəricilər verir. Lakin işimiz də həddin artıq çox olur və biz burada fəaliyyətimizi müxtəlif universitetlərlə (ADA, UNEC), müxtəlif təşkilatlarla qarşılıqlı əməkdaşlıq şəklində həyata keçiririk. Həftədə 2 dəfə ödənişsiz şəkildə seminarlar təşkil edirik.  Biznes strukturlarında da ödənişsiz seminarlar individual olaraq mövcuddur. Bizim təlimlərimiz haqqında məlumatla internet səhifəmizdə və sosial medialarımızda tanış olmaq mümkündür. Ümumiyyətlə, Azərbaycanda fəaliyyətimiz maliyyə savadlılığının artırılmasıdır.

Bu günədək şirkətimiz tərəfindən 2000-dən çox insana ödənişsiz təlim keçirilmişdir. Təxminən 50-60 şəxs üçün qrup şəklində ödənişli təlimlər keçirilib. İndividual təlimlərin sayı isə 20-ə yaxındır. Hər ay bu rəqəmlər artıma doğru gedir. Təcrübədə gördük ki, insanlar qiymətli kağızlar bazarı haqqında məlumat almaqda maraqlıdırlar.

- Azərbaycanda maliyyə bazarını necə dəyərlərdirisiniz?

- Maliyyə bazarı kifayət qədər inkişaf etmiş, bank sahəsi artmışdır. Bankların təqdim etdiyi məhsulların çeşidi həddin artıq çoxdur. Müqayisə üçün deyə bilərəm ki, biz hətta bəzi ölkələrdən, əsasən də postsovet ölkələrinin çoxundan daha da irəlidəyik. Təqdirəlayiq haldır ki, yerli banklar müştərilərin risklərini analiz edib xidmət göstərirlər. Yaralı yerimiz çirkli pulların yuyulması prosesindədir ki, bu sahədə də irəliləyişlər edilmiş və nəzarətin gücləndirilməsi istiqamətində qanunvericilikdə dəyişikliklər edilməkdə davam etməkdədir.

Sığorta sektoru haqqında da deyə bilərəm ki, inkişafa doğru gedirik. İnsanlara rahatlıq baxımından hər xidmətin elektronlaşması çox yaxşı haldır. Kapital bazarında isə son zamanlara qədər inkişaf yox idi. Lakin yeni şirkətlərin atdıqları addımları nəzərə alsaq, son 2 ildə müsbətə doğru dəyişikliklər baş verib.

Mərkəzi Bankın da bu istiqamətdə gördüyü işlər və atdığı addımları inkişafa doğru kömək edir. Təsadüfi deyil ki, 2023-cü il 01 fevral tarixindən etibarən tənzimlənən bazarda kütləvi təklif edilmiş, habelə ticarətə buraxılmış investisiya kağızları üzrə dividend, diskont və faiz gəlirləri 5 il müddətinə vergidən azad edilmişdir.  Eyni zamanda, Mərkəzi Bankın yeni pul siyasəti çərçivəsi də qiymətli kağızlar portfelinin artımını dəstəkləyir. 2022-ci ilə baxsaq, qiymətli kağızların həcminin cəmi aktivlərdə payının 18%-ə çatması müsbət hal kimi qiymətləndirmək olar. Bu istiqamətdə, Mərkəzi Bankın may ayında təqdim etdiyi AZİR (Azerbaijan İnterbank Rate) indeksləri bençmark olaraq maliyyə bazarının istifadəçilərinin ixtiyarına buraxılmışdır. İndeks əqdlərin bağlanması zamanı istinad faiz dərəcəsi kimi istifadə edilə bilər.

Ölkəmizdə qiymətli kağızların investisiya aləti kimi əhəmiyyəti artmaqdadır və bu tendensiya kapital bazarında investorların, müştərilərin sayının artmağa davam etməsində müşahidə edilir. Bu il artıq 20-30% artım olmuşdur. Eyni zamanda, bankların təqdim etdikləri tətbiqlərin 5 milyondan çox istifadəçisinin olması böyük göstəricidir. Bankların  xidmət şəbəkəsi üzrə rəqabət aparması, məhsullarının əlçatan etməsi inkişafa doğru göstəricilərdir. 2022-ci il üzrə ÜDM-də kapital bazarının həcmi 3% olduğuna baxmayaraq, ümumilikdə, Azərbaycan maliyyə bazarını yüksək qiymətləndirirəm. Daha çox Avropaya meyilli inkişaf mövcuddur. İnsanlar rəqəmsal həllərə doğru maraq göstərərək, artıq tətbiqlər vasitəsilə rahatlıqla investisiyalar yatıra bilirlər.

- Şirkətin maliyyə sahəsindəki mövqeyi və şərtləri nədən ibarətdir?

- Hazırda xüsusi mövqeyimiz yoxdur. Gələcəkdə belə mövqeyimizin olacağını planlaşdırırıq. Əlbəttə, məqsədimiz peşəkar iştirakçı olmaqdır. Bunun üçün müəyyən işlər görməliyik. Hər bir detalların üzərində işləyib, daha keyfiyyətli olması üçün addımlar atmalıyıq. Bazar çox maraqlıdır. Şəxsən mənim özümün də marağı var ki, Azərbaycan da bu sahədə inkişaf etsin.

Şərtlərə gəldikdə isə şirkət yeni bazara daxil olduğu zaman həmin bazarı öyrənməlidir. Həm öz bazarımızı bilməliyik, həm də yeni bazara töhvə verməliyik.

- Hansı sahələrə investisiya yatırmaq daha gəlirlidir?

- Fond bazarı üzərindən deyə bilərəm ki, hazırda bazarlar durğun vəziyyətdədir. Lakin investorların daha çox gəlir əldə etmək istəyi daha çox risk iştahından asılıdır. Nə qədər çox risk ala biləcəksə, bir o qədər çox gəlir əldə edə biləcəksən. Bu fakt həyatın hər bir nöqtəsində özünü göstərir. Ən çox gəlirli ABŞ qiymətli kağızlarıdır. Amma mənim fikrimcə, yerli bazarda olan alətlər də çox maraqlıdır. Şirkətlərin, dövlət istiqrazların gəliri çox artıb. Əgər risksiz maliyyə əldə etmək istəyirlərsə, dövlət istiqrazlarına, əgər bir az da olsa risk etmək istəyirlərsə, o zaman korporativ istiqrazlara meyilli olmalıdırlar. Xarici bazarlarda isə əsasən, ABŞ bazarlarında investisiya qoya bilərlər.

- Dünya iqtisadiyyatının vəziyyətini necə dəyərləndirirsiniz?

- Ümumi olaraq deyə bilərəm ki, qarşıdakı 1-2 ildə artım tempi zəif olacaq. Gözlənilən durğunluqla bağlı iqtisadi artım tempi aşağı ola bilər. Təsadüfi deyil ki, dünyanın nüfuzlu analitiklərinin qlobal iqtisadi artımda 2023-cü il üzrə 2.7%-dək azalma gözləntiləri var.  İnflyasiya ilə mübarizə imkan versə, düşünürəm ki, 2-3 il sonra dünya iqtisadiyyatı yenidən öz inkişaf tempinə qayıtmağa başlayacaq.

Ölkələri ayrı-ayrı dəyərləndirsək, müşahidə etmək olar ki, son zamanlar Azərbaycanın iqtisadi artımı çox yüksəkdir. Ölkənin xarici siyasəti ideal şəkildə qurulub. Ölkəyə investisiya qoymaq istəyənlərin marağı artıb. Dünya iqtisadiyyatı durğun olsa da, bizim iqtisadiyyat artım tempini minimum əvvəlki illərdə olduğu kimi saxlayacaq. Durğunluğun içərisində iqtisadiyyatı parıldayan bizim ölkə olacaq. Fikrimcə, ənənəvi iqtisadiyyat artıq öz aktuallığını itirir və onu tətbiq etmək düzgün deyil. Düşünürəm, ABŞ-ın timsalında məsələyə qeyri-ənənəvi yanaşıb, inflyasiya ilə mübarizəni çox da şişirtmək lazım deyil. ABŞ-da faiz dərəcələrinin artırılması yaxşı göstərici deyil. Pulu bahalaşdırıb və bu bahalaşmanın nəticəsində yenə də inflyasiyanın qarşısını ala bilmirlər. İnflyasiyanın mənbəyi tapmaq lazımdır. Bu pulun çoxluğundan deyil, deyə düşünürəm. İnflyasiya ilə mübarizə aparmaq yox, ona ayaq uydurub, onun tempinin azaltmağının yollarını tapmalıyıq.

- Növbəti 5 ildə dünya iqtisadiyyatından nə gözləyirsiniz?

- Hazırda hər şey sürətlə dəyişir. Məncə 5 illik proqnoz vermək düzgün səslənməz. Yaxın 1-2 ili nəzərə alsaq, 3 ildən sonra indiki bu artım tempinin zəifləməsi davam edə bilər. 3 ildən sonra artım tempi yenidən bərpa olunsa, 5 il sonrakı iqtisadiyyat pre-pandemiya dövrünə qayıda bilər və yenə artım tempində davam edə bilər. Əsas məqsəd geopolitik vəziyyətin düzəlməsidir. Mərkəzi bankların məsələyə aqressiv yanaşmamasıdır. Bunlar qaydasına düşsə, 5 ilin nəticəsində pre-pandemiya vəziyyətinə qayıtmaq şansımız var. Dünya o qədər sürətlə dəyişir ki, bu gün baş verənlər, sabah fərqli istiqamətdə özünü göstərir. Bununla belə, 3 ilin artım tempini zəif görürəm və növbəti dövrdə 2-3 ili qabağlaya biləcəyini təsəvvür edirəm.

Fuad Mədətov
Fins.az