“PwC Azərbaycan” 6-cı İllik Qlobal CEO Sorğusu çərçivəsində iqtisadiyyatın inkişafı perspektivləri və şirkətlərin gələcək planlarının qiymətləndirilməsinə dair nəticələri əhatə edən hesabatı təqdim edib
Fins.az xəbər verir ki, mayın 18-də “PwC Azərbaycan” şirkəti “Four Seasons Hotel Baku”-da 6-cı İllik CEO Sorğusunun təqdimatını keçirib. Hesabatda əsas diqqət biznesin yeni tələblərə uyğunlaşdırılması və qısamüddətli təzyiqlərin idarə edilməsi arasındakı zərif balansa yetirilmişdir. Sorğuda şirkət rəhbərlərinin makroiqtisadi qeyri-sabitlik, geosiyasi qeyri-müəyyənlik və texnoloji pozuntular kimi təxirəsalınmaz çağırışlara cavab verərkən bizneslərini uzunmüddətli təhdidlərə və tendensiyalara uyğunlaşdırmaq üçün transformasiya zamanı üzləşdikləri artan gərginliyi əks etdirilir.
Hesabatda şirkət rəhbərləri tərəfindən bu cür aktual problemlərin həll edilməsi metodları ilə bağlı dəyərli fikirlər təqdim edilib, bugünkü iqtisadi mühit və uzunmüddətli perspektivdə dəyişikliklər qarşısında işçilərin səlahiyyətlərinin artırılması və maksimum dərəcədə cəlb edilməsinin vacibliyi vurğulanıb.
Tədbirdə 100-dən artıq şirkət rəhbərləri, o cümlədən xarici səfirliklər, dövlət sektoru, hökumət və media nümayəndələri iştirak ediblər. “PwC Azərbaycan” şirkətinin Ölkə üzrə İdarəedici Partnyoru Mövlan Paşayev Sorğunun nəticələrini təqdim edib və “Azərbaycan üçün əhəmiyyətli olan nəticələrə yenidən baxış” mövzusunda panel müzakirəsinə moderatorluq edib. İqtisadi qeyri-sabitlik şəraitində biznes-mühit, rəqəmsallaşma tendensiyaları, investisiyalar və dayanıqlıq mövzusunda panel müzakirələrində PwC Azərbaycanın Ölkə üzrə İdarəedici Partnyoru Mövlan Paşayev ilə yanaşı “Azercell Telekom” MMC-nin Baş İcraçı Direktoru Zərinə Zeynalova, “Societe Generale” şirkətinin Xəzər regionu üzrə Baş Direktoru Teybə Quliyeva, “PAŞA Holdinqin” Baş İcraçı Direktoru Cəlal Qasımov və Azərbaycan Turizm Bürosunun Baş Direktoru Florian Zenqstşmid iştirak edib.
“Azərbaycan CEO-ları arasında apardığımız sorğunun nəticələri şirkət rəhbərlərinin qlobal iqtisadi çağırışları qəbul etdiyini və öz ölkələrində iqtisadi inkişaf bağlı ehtiyatlı nikbinlik nümayiş etdiridiyini göstərir. Onlar dəyişən mühitdə dayanıqlıq və uyğunlaşma qabiliyyətini nümayiş etdirərək rəqəmsal transformasiya, diversifikasiya və işçilərin maksimum dərəcədə cəlb edilməsi vasitəsilə öz bizneslərini fəal şəkildə yeni tələblərə uyğunlaşdırırlar”, “PwC Azərbaycan” şirkətinin Ölkə üzrə İdarəedici Partnyoru Mövlan Paşayev öz çıxışında bildirib.
Sorğunun əsas nəticələri:
Azərbaycandakı şirkət rəhbərlərinin 52%-i şirkətlərinin uzunmüddətli maliyyə dayanıqlığına əmindirlər;
Azərbaycandakı şirkət rəhbərləri qlobal və regional həmkarlarından fərqli olaraq öz ölkələrində iqtisadi artım mövzusunda daha yüksək nikbinlik nümayiş etdirirlər;
Tənzimləmə sahəsində dəyişikliklərin, işçi qüvvəsi çatışmazlığının və istehlakçı tələblərinin dəyişkənliyinin uzunmüddətli gəlirliliyə təsir edəcəyi gözlənilir;
Yaxın 1-5 il ərzində inflyasiya və geosiyasi məsələlər böyük narahatlıq doğurur;
Azərbaycandakı şirkət rəhbərləri mümkün iqtisadi tənəzzülə cavab olaraq məhsulları diversifikasiya edir, əməliyyat xərclərini azaldır və alternativ təchizatçılar axtarır;
Kadr axını göstəricisinin yüksək olaraq qalması gözlənilir;
İnvestisiyalar ilk növbədə proseslərin avtomatlaşdırılmasına, işçi qüvvəsinin ixtisasının artırılmasına və texnologiyanın tətbiqinə yönəldilir;
Azərbaycandakı şirkət rəhbərləri ötən illə müqayisədə öz şirkətlərinin inkişaf perspektivlərinə daha çox əmindirlər.