Mayın 17-də “Caspian Energy Club” və “Caspian Energy Uzbekistan”ın birgə təşkilatçılığı ilə beynəlxalq “Caspian Energy Investment Forum Tashkent 2023” tədbiri keçirilib.
“Caspian Energy Uzbekistan”ın İdarə heyətinin sədri Tehran Əliyev Fins.az-a bildirib ki, forum “Caspian Energy Club” tərəfindən 20 ölkədə planlaşdırılan və Azərbaycanın Ümümilli Lider Heydər Əliyev cənablarının 100 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində keçirilib.
Xatırladaq ki, bu tədbirə həsr olunmuş ilk üç forum fevralın 28-də Tbilisidə, martın 22-də Praqada və aprelin 30-da İstanbulda təşkil olunub.
Forumun açılışında “Caspian Energy Club”un İdarə Heyətinin sədri və qrupun baş icraçı direktoru Telman Əliyev salamlama nitqi ilə çıxış edib.
“Caspian Energy Uzbekistan”ın İdarə Heyətinin sədri Tehran Əliyevin sözlərinə görə, təşkil olunmuş beynəlxalq “Caspian Energy Investment Forum Taskent 2023”ün əsas mövzuları Özbəkistanın investisiya potensialı və ölkənin inkişaf modeli, “Yeni Daşkənd” layihəsinin imkanları, investisiyalar, İT layihələrin imkanları, orta dəhlizin inkişafı, yaşıl enerji tranziti, enerji təhlükəsizliyi, ixrac və idxal imkanları oldu.
“İki ölkə arasında ikitərəfli münasibətlər daima inkişaf etdirilir və bu əlaqələrin potensialının maksimum dərəcədə artırılması üçün hər cür səy göstərilir. Bu baxımdan forumun iki ölkənin dövlət və özəl strukturları arasında qurulmuş dialoqun platforması kimi böyük əhəmiyyətini vurğulamaq istəyirəm”, - deyə T.Əliyev bildirib.
O əlavə edib ki, tədbirdə Özbəkistanın Xarici İnvestisiyaların Təşviqi Agentliyi, Özbəkistanın Beynəlxalq Ekspeditorlar Assosiasiyası, Özbəkistan Biznes və Sənaye Şurası (UZBIC), həmçinin IT Park, UZTEXTIL, kimi müxtəlif təşkilatlar iştirak edib və klub üzvlərinin suallarını cavablandırıblar.
T.Əliyev həmçinin onu da qeyd edib ki, “Caspian Energy Club” nümayəndə heyətinin səfəri 25-ci dəfə keçiriləcək “Özbəkistanın neft və qazı - OGU 2023” 25-ci yubiley beynəlxalq sərgiyə səfərlə, eləcə də “TEXNOPARK” MMC, İT Park və s. kimi müəssisələrə işgüzar turla davam edəcək.
T.Əliyev foruma göstərdikləri dəstəyə görə “Azersun Holding”, “Desteс Group”, “F-Chain”, “Vitam”, “Caspian Service”, “Techpro DC”, “AvtomatikaAz”, “Falcon” şirkətlərinə, həmçinin deleqatlara göstərdikləri maraq və fəal iştiraka görə xüsusi təşəkkürünü bildirib.
Forumda Özbəkistanın 200-dən çox dövlət qurumlarının, ölkədə akkreditə olunmuş diplomatik və beynəlxalq missiyaların rəhbər və nümayəndələri, həmçinin Xəzər, Qara dəniz və Baltikyanı region ölkələrindən dövlət və özəl şirkətlərin top-menecerləri, o cümlədən şirkətlərin nümayəndələri iştirak ediblər.
Forumun məqsədi ikitərəfli iqtisadi əlaqələrin inkişafı, peşəkar problemlərin həlli üçün beynəlxalq səviyyədə “B2B networking”in yaradılması, xarici sahibkarlar və investorlar üçün yaradılan imkanların işıqlandırılması olub.
Forum çərçivəsində “DESTEC GROUP” və “UZTEXTIL” arasında memorandum imzalanıb.
Eyni gün “Caspian Energy Investment Forum Tashkent 2023” çərçivəsində 9-cu beynəlxalq “Caspian Business Award” mükafatın təqdimetmə mərasimi keçirilib. Mükafatın qalibləri “Azersun”, “Logix” və “F-chain” şirkətləri elan olunub.
Forumun sonunda “Caspian Energy Club”a yeni üzv olan tədbir iştirakçılarına sertifikatlar təqdim olunub.
“Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000 çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes - hökumət dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”un əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
“Business networking” üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”un Türkiyə, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Çexiya, İsrail, Almaniya, Polşa, Slovakiya və BƏƏ-də rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.