BİZNES

19 May

Azərbaycanda aqrar sektor böyüyüb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 1 milyard 961 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib.

Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 % çoxdur.

Son 1 ildə ölkədə istehsal edilmiş bitkiçilik məhsullarının dəyəri 3,2 % artaraq 165 milyon manat, heyvandarlıq məhsulların dəyəri isə 3,5 % artaraq 1 milyard 796 milyon manat olub.

Hazırda Azərbaycanda yaz-tarla işləri aparılır və 4 ay ərzində 266,8 min hektar sahədə və yaxud 1 il əvvələ nisbətən 12,8 % az yazlıq bitkilərin səpini aparılıb. Bu dövrdə 44 min hektar sahədə dənlilər və dənli paxlalı bitkilər (ondan 20,5 min hektarı dən üçün qarğıdalı), 45,9 min hektar sahədə kartof, 42,9 min hektar sahədə tərəvəz, 10,8 min hektar sahədə bostan bitkiləri, 72,2 min hektar sahədə pambıq, 7,7 min hektar sahədə dən üçün günəbaxan, 4,3 min hektar sahədə şəkər çuğunduru, 1,2 min hektar sahədə tütün, 36,6 min hektar sahədə çoxillik otlar, 1,0 min hektar sahədə birillik otlar və 0,2 min hektar sahədə sair yazlıq bitkilər əkilib.

Hesabat dövründə təsərrüfatlarda 128,3 min ton tərəvəz və 50,3 min ton kartof istehsal olunub. İl ərzində tərəvəz istehsalı 0,6 %, kartof istehsalı 9,5 % artıb.

Yanvar-aprel aylarında quş əti də daxil olmaqla diri çəkidə 187,3 min ton ət, 697,6 min ton süd, 726,5 milyon ədəd yumurta və 2,1 min ton yun istehsal edilib, illik müqayisədə ət istehsalı 3,1 faiz, süd istehsalı 1,8 faiz, yumurta istehsalı 13 % artmış, yun istehsalı isə 4,3 faiz azalıb.