BİZNES

17 May

Ölkəmizdə iqtisadi fəal əhlinin 49%-ni qadınlar təşkil edirlər – Orxan Məmmədov

Qadın sahibkarlığının inkişafına dəstək göstərilməsi Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətində prioritet istiqamətlərdəndir. Araşdırmalar və sorğuların təhlili göstərir ki, məlumatların əldə edilməsi, biznes bacarıqlarının çatışmazlığı, maliyyə resurslarına məhdud çıxış, satış imkanlarının azlığı qadın sahibkarların daha çox üzləşdiyi çağırışlardır.

Fins.az xəbər verir ki, bunu "SHE Congress" tədbirində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

Hər bir ölkənin dayanıqlı iqtisadi inkişafı qadın sahibkarlığının inkişafı ilə birbaşa bağlı olduğunu deyən O.Məmmədov qeyd edib ki, qadınların ölkəmizin ictimai, siyasi və iqtisadi həyatında rolunun artırılması dövlətimizin daim diqqət mərkəzində olub:

“Bu il 100 illiyini qeyd etdiyimiz ümummilli lider Heydər Əliyev tərəfindən formalaşdırılmış müasir dövlət qadın siyasəti ölkə rəhbərliyi tərəfindən uğurla davam etdirilir. Bu qayğının nəticəsi olaraq hazırda ölkəmizdə qadın sahibkarlığının çəkisinin artmasını müşahidə edirik və qadınlar kiçik biznes yaratmağa, özünü-məşğulluğa getdikcə daha çox meyl göstərirlər. Əgər 2018-ci ildə fərdi sahibkarlar arasında qadınların çəkisi 19 faiz civarında isə, 2023-cü ilin aprel ayının statistikasına əsasən bu rəqəm artıq 22 faizi keçmişdir. Bununla yanaşı hüquqi şəxslərin və müəssisələrin təsisçiləri və idarəediciləri sırasında kifayət qədər sayda qadınlar təmsil olunur. Eyni zamanda, ölkəmizdə iqtisadi fəal əhlinin 49%-ni qadınlar təşkil edirlər.

Qeyd olunanlar nəzərə alınmaqla ötən dövrlərdə KOBİA tərəfindən bir sıra dəstək mexanizmləri yaradılıb. Belə ki, qadınlar biznes fəaliyyətinə başlamaq və sahibkarlıq fəaliyyətini genişləndirmək üçün Agentliyin təlim, məsləhət, qrant proqramı, sərgilərdə iştirak, iri ticarət şəbəkələrinə çıxış, daxili bazar araşdırması, "Startap" şəhadətnaməsi və s. alət və xidmətlərindən yararlanırlar”.

Sədr onu da vurğulayıb ki, KOBİA-nın strukturuna daxil olan KOB İnkişaf Mərkəzləri tərəfindən 2023-cü il ərzində keçirilən təlimlərdə 1000-ə yaxın qadın sahibkar və sahibkarlıq fəaliyyətinə başlamaq istəyən qadın yararlanıb:

“Ötən müddət ərzində 9 qadın sahibkara təqdim etdikləri layihə çərçivəsində qrant, 10-n artıq qadın sahibkara 3 il müddətinə innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən azad edən "Startap" şəhadətnaməsi verilib. Qabaqcıl ölkələrin təcrübəsinin öyrənilməsi məqsədilə həyata keçirilən "Menecerlərin təlimi üzrə Almaniya-Azərbaycan birgə Proqramı" çərçivəsində 100-dən çox qadın yararlanıb. Həmçinin, KOBİA qadınların istehsal etdikləri məhsulların bazarlara çıxarılması və tanıdılması məqsədilə müxtəlif ixtisaslaşmış sərgilərdə iştirakına dəstək göstərir. Bugünədək 1300-ə yaxın sahibkarlıq subyekti KOBİA tərəfindən təşkil olunan 50-ə qədər sərgidən faydalanmışdır ki, onların da 50%-i qadın olmuşdur”.

Fuad Mədətov
Fins.az