Xorvatiya Parlamenti sədrinin müavini Davorko Vidoviç ilə görüşdə enerji, turizm, informasiya texnologiyaları, əczaçılıq və digər istiqamətlər üzrə tərəfdaşlığın gücləndirilməsi üçün geniş imkanlar vurğulanıb, xorvat iş adamları fəal əməkdaşlığa dəvət olunub.
Fins.az xəbər verir ki, İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Xorvatiya Parlamenti sədrinin müavini Davorko Vidoviçlə görüşüb.
İqtisadiyyat nazirinin müavini Xorvatiya ilə iqtisadi-ticarət əlaqələrinin inkişaf etdiyini, tərəfdaşlığın genişlənməsi üçün məqsədyönlü işlərin aparıldığını diqqətə çatdırıb. Bildirilib ki, qarşılıqlı səfərlər, aparılan müzakirələr ikitərəfli münasibətlərin inkişafında önəmli rol oynayır. Xorvatiya ilə enerji, turizm, informasiya texnologiyaları, əczaçılıq və digər istiqamətlər üzrə tərəfdaşlığın gücləndirilməsi üçün geniş imkanlar var.
Sahib Məmmədov iki ölkənin işgüzar dairələri arasında əlaqələrin genişlənməsi, perspektiv əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi baxımından güclü potensial olduğunu qeyd edib, xorvat iş adamlarını ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühitindən yararlanmağa, Azərbaycandan olan həmkarları ilə fəal əməkdaşlığa dəvət edib.
Davorko Vidoviç Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, iqtisadi münasibətlərin inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb, Xorvatiya şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizin bərpası istiqamətində həyata keçiriləcək layihələr üzrə əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb.
Tərəflər qarşılıqlı maraq doğuran məsələlər barəsində fikir mübadiləsi aparıblar.