BİZNES

12 May

Yanvar-mart aylarında Azərbaycandan 89 ölkəyə məhsul ixrac olunub

2023-cü ilin yanvar-mart aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 171 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 89 ölkəyə məhsul ixrac olunub, 165 ölkədən idxal olunub.

Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2023-cü ilin yanvar-mart aylarında ölkənin xarici ticarət dövriyyəsi 12269,3 milyon ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsinin 8239,4 milyon dollarını və ya 67,2%-i ölkədən ixrac olunmuş məhsulların, 4029,9 milyon dollarını (32,8%-i) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 4209,5 milyon dollar məbləğində müsbət saldo yaranıb. 2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 0,1%, real ifadədə 5,1%, o cümlədən idxal 13,7 faiz, ixrac isə 2,4% artıb.