BİZNES

06 May

AFA ilə “Cyber Athletics Azerbaijan” MMC klubu arasında anlaşma Memorandumu imzalanıb - FOTO

Azərbaycan Françayzinq Assosiasiyası ilə “Cyber Athletics Azerbaijan” MMC klubu arasında anlaşma Memorandumu imzalanıb. 

Fins.az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan assosiasiyanın İdarə Heyəti sədri Camid Mövsümov 2022-2023 -cü illər ərzində görülmüş işlər, qarşıda duran planlar haqqında geniş məlumat təqdim edib. AFA sədri assosiasiyanın kiber texnologiyalar və onun vacib bir hissəsini təşkil edən kiber oyunların artıq müasir dünyamızın ayrılmaz tərkib hissəsi olması haqqında məlumat təqdim etmişdir. Klubun rəhbəri Anar Əhmədov qloballaşma, kiber oyunlar, kiber texnologiyalar, klubun bu günə qədər gördüyü işlər və gələcək planları haqqında geniş məlumat təqdim etmişdir. Assosiasiyanın İdarə heyəti üzvü Fuad Nəsirov klubla assosiasiya arasında işlərin koordinasiyası üzrə məsul şəxs təyin olunub. 

Assosiasiyanın tərəfdaşı olduğu iyun ayının 11 Bakıda baş tutacaq “Gaming Summit 2023” tədbirində assosiaya tərəfindən klub oyunçuları üçün xüsusi oyun stendi və yarış təşkil olunacaqdır. Klubun oyunçularının qlobalda olan yarışlarda iştirakına dəstək, kluba xüsusi qlobal investorların cəlbi, klub üçün xüsusi akademiyanın qurulması kimi işlər qarşıdakı il üçün birgə planlaşdırılmışdır.  Klubun xüsusi Françayzinq modelinin yaradılaraq klubun və orada yetişəcək oyunçuların xaricə ixracı da hədəflənir. 

AFA, əsas məqsədi ölkəmizdə françayzinq münasibətlərinin inkişafı olan, 30 iyun 2022-ci il tarixində Azərbaycan Respublikasının qanunvericiliyinə  uyğun olaraq qeydiyyata alınmış və öz nizamnaməsi əsasında fəaliyyət göstərən qeyri hökumət təşkilatıdır.

AFA-nın əsas fəaliyyət istiqamətləri sırasına ölkəmizdə françayzinq münasibətlərini inkişaf etdirmək, bu münasibət iştirakçılarının hüquqlarını və qanuni mənafelərini müdafiə etmək, onlar arasında şəbəkələşməni təmin etmək, françayzinq mexanizmi vasitəsilə milli brendlərin yaradılmasına, mövcud brendlərin təkmilləşdirilməsi və təşviqinə dəstək vermək, iqtisadiyyatımızın inkişaf etdirilməsinə töhfə vermək daxildir.