İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Türk Dünyası Araşdırmaları Mərkəzinin rəhbəri səlahiyyətlərini icra edən Ayhan Satıcı İstanbulda Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüraliyevlə görüşüb.
Fins.az xəbər verir ki, görüşdə Ayhan Satıcı türk dünyasına inteqrasiya ilə bağlı Mərkəz tərəfindən görülən işlər barədə məlumat verib. O bildirib ki, artıq bir neçə aydır “Türk iqtisadi icmalı” Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrə paylanmaqla - 8 dildə nəşr olunur. Bundan başqa iki hissədən ibarət “Türk dövlətləri iqtisadiyyatı: Çağırışlar, uğurlar və imkanlar” kitabı hazırlanır.
Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüraliyev isə Azərbaycanla potensial əməkdaşlıq imkanlarından məmnunluğunu ifadə edib. O əlavə edib ki, Azərbaycanın həm siyasi, həm də iqtisadi gücünün artması türk dövlətlərinin inkişafına təkan verir.
Qeyd edək ki, Ayhan Satıcının Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi ilə görüşü İstanbulda Türk Dövlətləri Təşkilatının toplantısı çərçivəsində baş tutub.