BİZNES

03 May

"İnnovasiyalar Mərkəzi” İzmir-İstanbul-Bakı Meqa Texnologiya Dəhlizinin açılış mərasimində təmsil olunub - FOTO

Mayın 2-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov Bilişim Vadisi - Kocaeli kampusunun davamı olan, Azərbaycan və Türkiyə arasında Meqa Texnologiya Dəhlizini formalaşdıracaq İzmir-İstanbul-Bakı kampuslarının açılış mərasimində iştirak edib.

Fins.az xəbər verir ki, mərasimdə açılış nitqləri ilə Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank, gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlunun nitqləri ilə çıxış ediblər.

Diqqətə çatdırılıb ki, başlanğıc nöqtəsi Türkiyənin ilk elektromobili olan TOGG-un və çox sayda uğurlu texnologiya şirkətinin tədqiqat və inkişaf mərkəzinin yerləşdiyi “Bilişim Vadisi - Kocaeli” kampusu olan Meqa Texnologiya Dəhlizinin Bakı şəhərinə qədər uzanması ölkələrimiz arasında texnoloji və iqtisadi əlaqələri inkişaf etdirəcək və qarşılıqlı təcrübə mübadiləsini gücləndirməklə yeni texnologiyaların, məhsulların və xidmətlərin istehsalına töhfə verəcək.

Türkiyənin Sənaye və Texnologiyalar Nazirliyinə bağlı tək texnoparkı olan Bilişim Vadisi digərləri ilə müqayisədə Türkiyənin ən böyük texnoparkı olaraq qəbul olunur. Bakıda yaradılan Bilişim Vadisi ilə “İnnovasiyalar Mərkəzi” arasında imzalanacaq müqavilələr və görüləcək işlər Türkiyənin müdafiə sənayesi sahəsində əldə edilən uğurların iki qardaş ölkənin mülki texnologiyalar sahəsində də tətbiqi ilə mövcud geosiyasi üstünlüklərini geotexnoloji cəhətdən gücləndirəcək.

Bilişim Vadisi İzmir kampusunun 2022-ci ilin mart ayında əsası qoyulub.