İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Türk Dünyası Araşdırmaları Mərkəzinin rəhbəri vəzifələrini müvəqqəti icra edən Ayhan Satıcı “Caspian Energy Forum Istanbul – 2023”də moderator kimi çıxış edib.
Fins.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərində “Caspian Energy Club” və “Caspian Energy Türkiye”nin təşkilatçılığı ilə keçirilən Forumun əsas mövzuları Türkiyənin inkişaf modeli (turizm, logistika, kənd təsərrüfatı sənayesi, daşınmaz əmlak, maliyyə və investisiyalar), orta dəhlizin inkişafı, rəqəmsal iqtisadiyyat, yaşıl enerji və türkdilli ölkələrin iqtisadi birliyi ilə əməkdaşlıq məsələləri olub.
İİTKM-in Türk Dünyası Araşdırmaları Mərkəzinin rəhbəri v.m.i.e Ayhan Satıcının moderatoru olduğu 2-ci paneldə əsas mövzu Xəzər, Qara dəniz və Baltikyanı ölkələrin iqtisadiyyatlarında həyata keçirilən islahatların pozitiv nəticələri və bu ölkələrdə fəaliyyət göstərən şirkətlərin dövlət və özəl sektorda reallaşdırdıqları layihələrin beynəlxalq arenada tanıdılması olub.
Panelin müzakirə mövzuları arasında Orta dəhlizin inkişafı, Türkiyənin zəlzələdən zərər çəkmiş bölgələrinə investisiyaların təşviq edilməsi, Azərbaycandan və digər ölkələrdən olan şirkət və təşkilatların Türkiyədə, həmçinin Türkiyə şirkətlərinin Azərbaycan və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə sərmayə yatırmaq və biznes qurmaq imkanlarının araşdırılması da yer alıb.
Ayhan Satıcının moderatoru olduğu panelin spikerləri arasında Türkiyə Respublikası Nəqliyyat və İnfrastruktur Nazirliyinin şöbə müdiri Hasan Boz, AZPROMO-nun Baş icraçı direktorunun müşaviri Günel Baxışeva, Ələt İqtisadi Zonasının səlahiyyətli nümayəndəsi Hüseyn Əliyev və Beynəlxalq Nəqliyyatçılar Assosiasiyasının İdarə Heyətinin sədri Alper Özel yer alıblar.
Müzakirə zamanı panel iştirakçılarına verilən suallar bir neçə istiqaməti əhatə edib. Bu suallar Türkiyənin coğrafi mövqeyinə və Avropa ilə Asiya arasında ticarətin həcmini artırmaq üçün bu ölkənin potensialından necə istifadə edilməsinə yönəldilib. Bundan başqa, Türkiyənin istixana qazı emissiyalarını azaltmaq və bərpa olunan enerji mənbələrinə keçidlə bağlı iddialı hədəfləri barədə fikir mübadiləsi aparılıb.
Azərbaycanın bu regionda rolu ilə bağlı panel müzakirəsində Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrin genişləndirilməsi və xarici investisiyaların artırılmasından faydalana biləcək müxtəlif sektorlar, xüsusilə də qeyri-neft sektoru ətrafında geniş fikir mübadiləsi aparılıb. Yaxın Şərqin potensialını artırmaq və türk dünyası daxilində əlaqələri dərinləşdirmək üçün iki ölkənin necə daha səmərəli əməkdaşlıq edə biləcəyi ilə bağlı suallar da müzakirə mövzusu olub
Forumda Xəzər, Qara dəniz və Baltikyani ölkələrin dövlət strukturlarının və şirkətlərin rəhbərləri və nümayəndələri iştirak ediblər.