Moskvada Rusiya Federal Vergi Xidməti və Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin birgə təşkilatçılığı ilə “Vergi ekosistemi: insanlar və texnologiyalar” mövzusunda beynəlxalq forum keçirilib. Forumda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərlinin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti də iştirak edib.
Fins.az xəbər verir ki, forum zamanı biznesin və dövlət idarəçiliyinin rəqəmsallaşdırılması perspektivləri, vergi inzibatçılığı sahəsində qabaqcıl təcrübə, insan resurslarının idarə edilməsi və texnologiyaların tətbiqi müzakirə edilib, “İşçi heyətin idarə edilməsi 2023: problemlərə rəhbərliyin yanaşması”, “Transsərhəd ticarətin rəqəmsallaşdırılması: problemlər və perspektivlər”, “Transsərhəd elektron sənəd dövriyyəsi müasir iqtisadiyyatın təkanı kimi”, “Müasir HR”, “Vergi inzibatçılığının rəqəmsal transformasiyası: vergi ödəyicilərinə xidmət sahəsinin müştəri yönümlü təşkili, “Rəqəmsal şirkətlərin vergiyə cəlb edilməsi”, “Transsərhəd royaltinin vergiyə cəlb edilməsi”, “Faktiki gəlir əldə etmək hüququ” kimi mövzularda panel sessiyalar keçirilib.
Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli “İşçi heyətin idarə edilməsi 2023: problemlərə rəhbərliyin yanaşması” mövzusu üzrə panel sessiyada çıxış edib. DVX-nin rəisi rəqəmsal inkişafın mühüm rola malik olduğunu bildirib, texnologiyaların tətbiqinin vergi inzibatçılığı və biznes mühitinin dəstəklənməsi üçün əhəmiyyəti barədə danışıb. Bildirilib ki, qlobal çağırışlar, xüsusilə pandemiya vergi ödəyiciləri ilə əlaqələrin rəqəmsal platformalar üzərindən qurulmasını daha da aktuallaşdırıb. Texnologiyaların sürətli inkişafı insan resursları strategiyasının prioritetlərini daha da təkmilləşdirir və yeni tələblər formalaşdırır. DVX-nin rəisi insan resursları idarəçiliyi sahəsində yeni çağırışlar, kadrlarla işin yeni transormasiyalara uyğun formalaşdırılması və bu sahədə tətbiq edilən müasir həllər, işçilər üçün müsbət təcrübə və əlverişli işgüzar mühit yaradan təşəbbüslər, Azərbaycanın vergi orqanlarının bu sahədə təcrübəsi, o cümlədən Dövlət Vergi Xidmətində insan resurslarının inkişafı istiqamətində həyata keçirilən layihələr, kadrların fəaliyyətinin qiymətləndirilməsi və motivasiya edilməsi istiqamətindəki işlər haqqında məlumat verib.
Tədbir çərçivəsində vergi inzibatçılığının təkmilləşdirilməsi, vergi sistemlərinin işinin və rəqəmsal alətlərin tətbiqinin səmərəliliyi barədə müzakirələr aparılıb. MDB məkanında vergilər sahəsində əməkdaşlıq, yeni iqtisadi reallıqları əhatə edən elektron xidmətlər, müasir iqtisadi modellər və prinsiplər haqqında fikirlər səsləndirilib. Ümumilikdə qlobal vergi çağırışları və rəqəmsal iqtisadiyyat dövründə vergi orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə verilən tələblər diqqətə çatdırılıb. İştirakçılar yeni informasiya texnologiyalarının tətbiqi ilə vergi inzibatçılığının təkmilləşdirilməsi sahəsində təcrübələrindən danışıb və fikir mübadiləsi aparıblar.
“Vergi inzibatçılığının rəqəmsal transformasiyası: müştəri yönümlü yanaşmanın rolu” mövzusunda keçirilən paneldə Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət baş idarəsinin şöbə rəisi Kamran Nərimanov təqdimatla çıxış edib və ölkəmizin vergi ödəyicilərinə xidmət sahəsində təcrübəsi ilə bölüşüb.
Müzakirələr zamanı Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) fəaliyyəti, ölkələr arasında rəqəmsal və davamlı ticarətin asanlaşdırılması istiqamətində təşəbbüslərə də toxunulub, ticarətin asanlaşdırılması sahəsində mövcud vəziyyət və irəliləyişlər diqqətə çatdırılıb.
İştirakçı ölkələrin nümayəndələri vergi orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi üçün müştərək tədbirlərin keçirilməsinin, rəqəmsallaşmanın tətbiqinin sürətləndirilməsi üçün qabaqcıl təcrübələrin mübadiləsinin və vergi ekosistemlərinin inkişafı naminə resurslardan səmərəli istifadə üçün birgə təşəbbüslərin artırılmasının əhəmiyyətini vurğulayıblar.