İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı “İxrac icmalı”nın aprel sayına əsasən, 2023-cü ilin yanvar-mart aylarında Azərbaycanın ümumi ixracı 7,7 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 912,2 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2022-ci ilin üç ayı ilə müqayisədə 23,2% artıb.
Fins.az xəbər verir ki, 2023-cü ilin yanvar-mart ayları ərzində spirtli və spirtsiz içkilərin ixracı 6,9 dəfə, şəkər ixracı isə 28,6% artıb.
Aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 178,9 milyon ABŞ dolları təşkil edib. 2023-cü ilin yanvar-mart ayları ərzində ixrac edilən meyvə-tərəvəz məhsulları aqrar məhsullar qrupunun 92,4 %-ni təşkil edib. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 56,3% artıb.
2023-cü ilin yanvar-mart ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (281,1 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda meşə fındığı ixracı (37 milyon ABŞ dolları) ikinci, ilkin formalı polipropilen (36 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
2023-ci ilin yanvar-mart ayları ərzində Türkiyəyə 339,9 milyon ABŞ dolları, Rusiya Federasiyasına 200,7 milyon ABŞ dolları, Gürcüstana 109,2 milyon ABŞ dolları, İsveçrə Konfederasiyasına 29,7 milyon ABŞ dolları, Qazaxıstana isə 27,6 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2023-cü ilin mart ayının qeyri-neft ixracı isə 261 milyon ABŞ dolları təşkil edib. Bu dövr ərzində yeyinti məhsulları üzrə ixrac 52,2 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 208,8 milyon ABŞ dollarına bərabər olub.
2023-cü ilin mart ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Türkiyə (66 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Rusiya Federasiyası (63 milyon ABŞ dolları) ikinci və Gürcüstan (44,5 milyon ABŞ dolları) üçüncü olub.
Cari ilin üçüncü ayında ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (53,8 milyon ABŞ dolları) birinci, meşə fındığı (13,7 milyon ABŞ dolları) ikinci və ilkin formalı polipropilen (12,4 milyon ABŞ dolları) üçüncü olub.
“İxrac İcmalı”nda göstərilib ki, 2023-cü ilin aprel ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 24,6 milyon ABŞ dolları olub.
“İxrac İcmalı” tərəfindən 2023-cü ilin yanvar-mart aylarında qeyri-neft sektoru üzrə həyata keçirilən ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib. Bu reytinqdə qeyri-dövlət ixracatçı subyektləri arasında ilk onluqda təmsil olunan şirkətlər bunlardır: “MKT İstehsalat Kommersiya” MMC, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, “STP Global Cable” MMC, “Baku Steel Company” QSC, “P-Aqro” MMC, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, Şirinov Elvin Valeh oğlu, “Mors Trading” MMC, “Almeyvə” MMC, “Khan-El” MMC.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə “Azərenerji” ATSC başçılıq edir. Siyahıda təmsil olunan digər şirkətlər isə bunlardır: SOCAR-ın “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi, “SOCAR Polymer” MMC, “Azəralüminium” MMC, “AzerGold” QSC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərbaycan Hava Yolları” QSC, “Azərbaycan Dəmir Yolları” QSC, “Şəki Şərab” MMC, “ASK Tütün” MMC.
2023-cü ilin yanvar-mart aylarında “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” dünyanın 40 ölkəsinə 5,4 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edib. “Azərbaycan Respublikasının Kosmik Agentliyinin (Azərkosmos)” xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 80 faizini təşkil edib. 2023-cü ilin mart ayında isə “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” dünyanın 39 ölkəsinə 1,8 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.
2023-cü ilin yanvar-mart ayları ərzində peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində isə 1,2 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 1 milyon ABŞ dolları ilə Lüksemburq, 805,7 min ABŞ dolları ilə Fransa, 446 min ABŞ dolları ilə BƏƏ və 252,5 min ABŞ dolları ilə Almaniya qərarlaşıb.
2023-cü ilin yanvar-mart aylarında banklara məxsus ödəniş xidməti şəbəkəsində digər qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları ilə 551,9 milyon manat, yalnız mart ayında isə 218,1 milyon manat dəyərində əməliyyat aparılıb.