BİZNES

28 Aprel

Bu ilin yanvar-mart ayları ərzində 129 751 çıxarış verilib

2023-cü ilin ilk 3 ayı ərzində daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı ötən ilin eyni dövrü ilə müqayisədə 76,9 % artıb.

Fins.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daşınmaz əmlakın qeydiyyatı sahəsində göstərilən xidmətlərin keyfiyyət və kəmiyyətində müsbət dinamika müşahidə olunur. Statistik göstəricilərə əsasən, 2023-cü ilin yanvar-mart ayları ərzində 129 751 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 76,9 % çoxdur.

Cari ilin ilk 3 ayı ərzindəki göstəricinin 22 223-ü (17,1 %) ilkin, 107 528-i (82,9 %) isə təkrar qeydiyyatın payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə ilkin qeydiyyat 23,6 % artıb. 

Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlakların sayı

Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 11 458-i fərdi yaşayış və bağ evi, 22 451-i mənzil, 93 097-si torpaq sahəsi, 753-ü qeyri-yaşayış binası, 1 797-si qeyri-yaşayış sahəsi, 163-ü əmlak kompleksi, 32-si isə çoxmərtəbəli yaşayış binasıdır. Cari ilin ilk 3 ayı ərzində dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 22 323-ü Bakı şəhərinin, qalanı isə bölgələrin payına düşür.

Cari ilin yanvar-mart ayları ərzində texniki pasportun və ipoteka müqaviləsinin sayı

Bu ilin ilk 3 ayı ərzində 108 811 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 88,2 % artım deməkdir. Qeydiyyata alınan ipoteka müqaviləsinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 17,7 % artaraq 17 714 olub.