Aprelin 20-də Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) və Mediasiya Şurası (Şura) arasında dəyirmi masa görüşü keçirilib və görüşün sonunda birgə qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Fins.az xəbər verir ki, Memorandumu AMFA-nın Müşahidə Şurasının Sədri Cəlal Əliyev və Mediasiya Şuranın Sədri Nadir Adilov imzalayıblar.
Memorandumun imzalanmasında məqsəd Azərbaycan Respublikası Prezidentinin müvafiq göstərişlərini rəhbər tutaraq mediasiya proseslərinin daha da təkmilləşdirilməsi, mikromaliyyə sahəsində yaranan mübahisələrinin qısa zamanda alternativ yolla həll olunmasına, o cümlədən mülki və kommersiya mübahisələrinin həllində mediasiyanın rolunun artırılmasına tövhə vermək, mediatorların, vəkillərin, hüquqşünasların peşəkarlıq səviyyəsinin və bank sahəsi üzrə biliklərinin artırılmasına, ölkədə məhkəmə-hüquq sisteminin inkişafına və optimallaşmasına dəstək verməkdən ibarətdir.
İmzalama mərasimində həmçinin Mərkəzi Bank, AMFA və Mediasiya Şurasının nümayəndələrindən ibarət “Maliyyə Mübahisələri Komitəsi”nin üzvləri və AMFA-nın üzv təşkilatlarının səlahiyyətli nümayəndələri də iştirak etmiş, mübahisələrin alternativ həlli yollarından biri kimi mediasiyanın əhəmiyyəti barədə geniş məlumat verilmişdir və verilən suallar cavablandırılıb.