BİZNES

18 Aprel

Bakıda dünyanın müxtəlif ölkələrinin insan resursları sahəsinin liderləri bir araya gələcək

“Azərbaycan HR İnstitutu”nun təşkilatçılığı ilə dünyanın müxtəlif ölkələrindən yüzlərlə HR liderlərinin iştirakı ilə ölkəmizdə ilk dəfə “Global HR Summit 2023” tədbiri keçiriləcək.

Fins.az xəbər verir ki, aprelin 20-də keçirləcək “Global HR SUMMIT 2023” (GHRS) insan resursları sahəsinin təsir gücünə malik ən nüfuzlu nümayəndələrini bir araya gətirərək, HR və idarəetmə sahəsində dünyada tətbiq olunan yeniliklər, bu sahədə müasir innovasiyalar və texnologiyanın inkişafı, fərqli təcrübələrin dialoqlar, müzakirələr və fikir mübadilələri ilə paylaşılmasını hədəfləyən qlobal sammitdir.

Sammitin əsas sponsoru "NEQSOL Holding"dir.

BMT-nin 2016–2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərindən 8-cisi “Layiqli Əmək və İqtisadi İnkişaf” (Decent Work Economic Growth) Bakıda keçiriləcək qlobal HR Zirvə toplantısının əsas sloqanıdır.

Məlumat üçün bildirək ki, “HR” sözü ingilis dilində olan “human resources” ifadəsinin qısaldılmış formasıdır. Bu ifadə ilk dəfə Con Kommas tərəfindən “Distribution of Wealth” (“Sərvətin bölüşdürülməsi”) kitabında istifadə olunub.

Fuad Mədətov
Fins.az