BİZNES

18 Aprel

Valeh Ələsgərov Caspian Energy Club-ın təşkil etdiyi B2G Forumunda iştirak edib - FOTO

Caspian Energy Club Ələt Azad İqtisadi Zonasının administrasiyası (AFEZA) ilə birgə B2G Forum təşkil edib.

Fins.az xəbər verir ki, bu barədə Caspian Energy Club-ın İdarə heyətinin sədri və qrupun baş icraçı direktoru Telman Əliyev məlumat verib.

Forumda iqtisadiyyatın həm neft, həm də qeyri-neft sektorunu təmsil edən dövlət və özəl şirkətlərin 100-dən çox top-menecerləri iştirak edib.

B2G Forumunun fəxri qonağı qismində Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov iştirak edib.

Valeh Ələsgərov çıxışı zamanı AFEZA-in fəaliyyəti, unikal normativ-hüquqi bazası, investorlara tətbiq edilən güzəştlər paketi və azad iqtisadi zonanın ərazisində aparılan tikinti və infrastruktur işləri haqqında forum iştirakçılarına məlumat verib.

Daha sonra Valeh Ələsgərov B2G Forumu iştirakçılarının təkliflərini diqqətlə dinləyib və sahibkarları maraqlandıran sualları cavablandırıb.

Telman Əliyev Valeh Ələsgərova forumda iştirakına və Klub üzvləri ilə açıq dialoq qurduğuna görə öz dərin təşəkkürünü bildirib və ona klubun fəxri üzvü sertifikatını təqdim edib.

Caspian Energy Club dünyanın 50 ölkəsindən 5000 çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes - hökumət dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-un əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-networking üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən Caspian Energy Club-un Türkiyə, Gürcüstan,Özbəkistan, Qazaxıstan, Çexiya, Israil, Almaniya, Polşa, Slovakiya, BƏƏ-də rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.