Aprelin 4-də Gəncə şəhərində “StartupFest Gəncə” proqramının açılış tədbiri keçirilib.
ASAN xidmətdən Fins.az-a verilən məlumata görə, tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Asiya İnkişaf Bankının birgə həyata keçirdiyi “Yerli Texnoloji Startapların İnkişafının Təşviqi” layihəsi çərçivəsində Gəncə-Daşkəsən iqtisadi rayonunda startaplara dəstək məqsədilə təşkil olunub.
Tədbirdə Dövlət Agentliyinin sədrinin müşaviri Azər Bayramov, Asiya İnkişaf Bankının və Azərbaycan Dövlət Aqrar Universitetinin nümayəndələri çıxış ediblər. Qonaqlar Dövlət Agentliyinin innovasiya istiqamətində gördüyü işlərdən, layihənin regionlarda startapların inkişafına verəcəyi töhfədən söz açıblar. Həmçinin texnoloji startapların yetişməsi və Azərbaycan brendi altında qlobal rəqabətə davamlı həllərin formalaşmasının hədəfləndiyi vurğulanıb.
Proqram sözügedən regionda yeni startapların formalaşması, habelə mövcud startapların fəaliyyətini dəstəkləməyi hədəfləyir. Belə ki, proqrama müraciət edən startaplar arasında seçilən komandalara 8 moduldan ibarət 4 həftəlik təlim keçiriləcəkdir. Onlar təcrübəli mentorlardan müxtəlif mövzularda təlimlər alacaqlar. Növbəti mərhələdə startaplar jüri tərəfindən qiymətləndiriləcək və qalib komandalar mükafatlandırılacaqlar.
Tədbirdə Gəncə şəhərində fəaliyyət göstərən universitetlərin nümayəndələri və tələbələr iştirak ediblər.