BİZNES

03 Aprel

Gömrük sistemindəki islahatlar sahibkarların fəaliyyətinə müsbət təsir göstərməkdədir  

Son illər Azərbaycan iqtisadiyyatının genişlənmə miqyası region ölkələri ilə müqayisədə daha qabarıq şəkildə nəzərə çarpır. Bu inkişaf cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mütərəqqi islahatların nəticəsidir. Azərbaycanda həyata keçirilən islahatlar təkmilləşmə, yeni dövrə uyğunlaşma və tərəqqiyə xidmət edir.

Bu özünü gömrük sahəsində də göstərməkdədir. Gömrük xidmətində infrastrukturun inkişafı və prosedurların sadələşdirilməsinə yönəldilmiş tədbirlər xarici ticarət iştirakçılarının sayının artmasına şərait yaradıb.

“Fins”ə Abşeron Logistika Mərkəzindən verilən məlumata görə, gömrük sistemində aparılan yeni islahatlar Mərkəzdə sahibkarlar üçün əlverişli şəraitin yaradılmasına xidmət edir. Bildirilir ki, Mərkəzdə gömrük rejimlərinin effektiv tətbiqində xarici və yerli sahibkarlar üçün yeniliklərin təşkil edilməsi nəticəsində proseslər daha da sadələşdirilmiş və sürətlənmişdir.

Mərkəzdə bütün istiqamətlərdə gömrük işinin beynəlxalq standartlara uyğun aparılması, idxal-ixrac və tranzit əməliyyatlarında ticarətin asanlaşdırılmasına, yüklərin buraxılış prosedurlarının sadələşdirilməsinə, vaxt məhdudiyyətinin aradan qaldırılmasına, xidmətlərə çəkilən xərclərin ləğvinə gətirib çıxarmışdır. Bu da sahibkarların daha asan və rahat əməliyyatlar aparmasına əlverişli imkan yaratmaqla onların fəaliyyətini stimullaşdırmış, həmçinin şəffaf biznes mühitinin formalaşmasında mühüm rol oynamışdır.