BİZNES

22 İyul

Bütün biznes sektorlarında var olan həmin “Ağıllı Biznes” – ƏBÜLFƏT MİRZƏYEV – MÜSAHİBƏ – FOTO

“Smart Biznes” şirkətinin rəhbəri Əbülfət Mirzəyevin Fins.az-a müsahibəsi.

- “Smart Biznes” şirkətinin əsas iş prinsipi və ümumiyyətlə, şirkət haqqında məlumat verərdiniz.

Şirkət bir ildir ki, yaranıb. Şirkətin fəaliyyət istiqaməti demək olar ki, bütün biznes subyektlərini əhatə edir. İşimiz biznes prosseslərinin avtomatlaşdırılması məqsədi ilə bizneslərdə xüsusi proqram modullarının tətbiqi və inteqrasiya olunan ticarət avadanlıqların satışından ibarətdir. Yəni ağıllı və innovativ biznes həllər təklif etmək əsas prioritetimizdir. Xidmətlərimizdən biri də müəssisələrdə ERP-nin tətbiqidir.

*ERP (Enterprise Resource Planning) bir neçə proqram modulunu özündə cəmləşdirən.

Müəssisə resurslarının planlaması ilə bağlı mərkəzi idarəetmə sistemidir. ERP vasitəsilə müəssisə rəhbəri strukturda olan bütün koordinasiyanı izləyə bilir, emal olunmuş məlumatlara əsasən hesabatlara baxa bilir və şirkətin gələcəyi haqqında proqnozlar vermək imkanı əldə edir.

- Sahibkarlar sizi seçməklə hansı özəlliklərə sahib olurlar?

- Sahibkarlar bizi seçməklə data (məlumat) əsaslı idarəetməyə sahib olurlar və beləliklə də müəssisə resurslarını dəqiq və çevik idarə edə bilirlər. Müəssisə resursu dedikdə, buraya maliyyə resursu, insan resursu, vaxt resursu, müştəri portfoliosu eyni zamanda müəssisənin balansında olan digər maddi və qeyri-maddi aktivlər də daxildir. Başqa sözlə desək, proqram vasitəsilə yığılmış data əsasında hesabatlılıq əldə edərək müzakirə edib, şirkətin cari və gələcək vəziyyəti ilə bağlı düzgün qərarlar qəbul etmiş olurlar.

- Ölkəmizdə məhsullarınıza və xidmətlərinizə olan təlabat səviyyəsi hansı yerdədir?

- Tələbat var, amma bu sektorda maarifləndirmə nisbətən zəifdir. Rəqəmsal iqtisadiyyata keçid dövrü yeni olduğu üçün hələ ki, bizneslər mahiyyəti tam anlamırlar. Ancaq inanıram ki, zaman-zaman bu problemlər öz həllini tapacaq. Hələlik təlabat səviyyəsini nisbətən qənaətbəxş hesab etmək olar. Qeyd edim ki, iri ticarət sektorları artıq mahiyyəti anlayaraq tətbiq edirlər. Başa düşürlər ki, sistemsiz böyümək mümkün deyil.

- Şirkətin rəqabət qabilliyəti hansı səviyyədədir?

- Bazarda bu sektorda bir çox rəqiblər var. Biznesdə mavi və qırmızı okean anlayışı mövcuddur. Qırmızı okeanda mübarizə daha acınacaqlı olur. Bu okeana ənənəvi biznes sahələri daxildir. Mavi okeanda isə doğru rəqabət var. Müasir sektorlar mavi okeanda yer alır. Bizim sektor da mavi okeandadır. Rəqabət səviyyəsinə gəldikdə isə hələ ki, ölçülə biləndir.

- Yeni nəsil texniki göstəricilər və proqram təminatları sahibkarların və yaxud şirkət əməkdaşlarının, xüsusilə istehlakçıların istifadəsi üçün nə dərəcədə uyğunlaşdırılıb?

- Bizim sektorda iki pozisiya mövcuddur: Kiçik və Orta sahibkarlıq. Üstünlüyümüz ondan ibarətdir ki, hər bir müştərimizə individual yanaşaraq, biznesinə və büdcəsinə müvafiq olan sistemi təklif edirik. Texniki tapşırıq götürmədən, müştərinin təlabatını aşkarlamadan məhsulu təqdim etmirik. Məhsulumuz spesifik olduğu üçün qarşı tərəfə faydalılığı bizim üçün daha önəmlidir. Mənfəət əldə etməklə yanaşı, dəyər yaratmağa çalışırıq. Bütün bunları nəzərə alaraq hər zaman çalışırıq ki, məhsullarımızdan hətta ikinci tərəf istehlakçılar da razı qalsın. İaşə obyektlərində yerləşən kassa avadanlıqlarının quraşdırılmasını misal göstərsək, ikinci tərəf istehlakçının artıq bu gün plastik kartları cibində gəzdirməyə ehtiyacı yoxdur. Telefonumuza bu kimi kart məlumatlarımızı daxil edərək, onlayn alış-veriş edə bilirik. Restoran şəbəkələrində QR Kod vasitəsilə menyulara baxaraq, yemək sifarişlərimizi veririk. Rəqəmsallaşmaya bu kimi daha çox nümunələr göstərə bilərik. Bu nümunələr həm sahibkar, həm də əməkdaş, həm də ki istehlakçıların rahatçılığı üçün uyğunlaşmış həllərdir.

- Onlayn xidmət növləri və onların keyfiyyət göstəriciləri istehlakçılar arasında heç də birmənalı qarşılanmır. Bunun səbəbi nədir?

- Bir səbəb şirkət və ya fiziki şəxsin keyfiyyətli xidmət göstərə bilməməsidir ki, qarşı tərəfdə narazılıq yarada bilər. İstehlakçıya gəldikdə isə, ola bilər ki, o da məhsulun və ya xidmətin düzgün istifadə qaydasını bilmir. Bu kimi hallarda hər iki tərəfin narazılıqları baş verir. Müştəri onlayn sifariş verirsə, texniki problem yaranırsa bu birbaşa şirkətin məsuliyyətidir. Bu zaman platformada olan texniki nazaslığın aradan qaldırılması üçün tərəfdaş şirkətlə birgə həll olunmalı məsələlər ön plana keçir.

- Mühasiblərin onlayn sistemdə işləməsi qənaətbəxş hesab edilirsə, burada da müəyyən çatışmazlıqlara rast gəlinir. Çatışmazlıqlardan biri də sistemdə ləngimələrin olmasıdır. Bu barədə nə deyə bilərsiniz?

- Mühasibatlıq da ERP-nin tərkib hissəsidir və ya ayrıca bir moduldur. Bizim şirkətdə bu proqram modulu üzrə heç bir spesifik yanaşma yoxdur. Sistem eynidir. Lakin hər modulu öz mütəxəssisi idarə etməlidir. Koordinasiya düzgün qurulmadıqda çatışmazlıq yarana bilər. ERP bir mərkəzdən ibarət olduğu üçün onun istifadəçisi işinin başında olmalıdır. Sistemdə ləngimələrin olması məlumat yükləmələrindən,kompüterin yaddaşından və internetin nasazlığı səbəbindən ola bilər. Bu kimi səbəblər texnikidir.

Bizim şirkətdə texniki şöbə fəaliyyət göstərir. Əgər belə bir hal baş verərsə, bu sahə üzrə öz mütəxəssisi işə nəzarət edir. Servis xidmətləri ilə bağlı məlumat verdikdə isə satışdan sonra saatlı xidmətlərdir. Əvvəlcədən qrafik təyin olunur. Həmin qrafik əsasında müştərilərə servis xidməti göstərilir.

- Şirkətinizin son 3 ay ərzindəki və  yaxud da 2022-ci ilin yekun hesabatlarında nə kimi yeniliklər və irəliləyişlər oldu?

- Biznes sahəsində 6 ay anlayışı var ki, o 6 ayı trampilini kim keçdisə, ayaq üstə durmağı bacarır. Şirkətimiz də ilk 6 ayı müştəri cəlbetmə mərhələsində idi. Sonrakı 6 ay satışlar reallaşmağa başladı. Son 3 aya baxsaq, maliyyə hesabatları qaydasındadır, şirkətin mənfəəti azda olsa var. Aylıq 15-20 min civarında satış reallaşıb.

- Şirkətiniz Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında iqtisadi inkişaf proseslərində nə kimi rol oynayır və ya rol oyanacaq? Ümumiyyətlə, hansı iqtisadi planlarınız var?

- Bütün biznes sektorlarında biz varıq və fəaliyyətimizdə ölkə daxili region və məsafə ilə bağlı heç bir baryer yoxdur. Eləcə də Qarabağın inkişafı və bərpasında yaxından iştirak etməyi özümüzə borc bilirik. Bu istiqamətdə planlarımız da var. Nəzərə alsaq ki, 4-cü sənaye inqilabı artıq dünya iqtisadiyyatında fundamental dəyişikliklərə səbəb olur, bu dəyişiklik ölkəmiz-həmçinin də Qarabağ iqtisadi zonası üçün də qaçılmazdır. Hal-hazırda dövlətdə tətbiq olunan yeni data əsaslı idarəetmə artıq özəl sektorları da əhatə edir. Bu məntiqlə Qarabağın yenidən qurulmasında və orda fəaliyyət göstərəcək olan bizneslərin yaradılmasında ən son texnologiyanın tətbiqi qeyd-şərtsizdir. Bu gün dünya praktikasında ən son texnologiyanın tətbiqi hesabına artıq kənd təsərrüfatında istifadə olunan traktorun bir hektar sahədə nə qədər şumlama apardığı, nə qədər toxum əkdiyi və nə qədər suvarma işləri gördüyü barədə məlumatlar birbaşa əkin sahələrindən bulud server mərkəzlərinə köçürülür. Bu kimi texnoloji yeniliklərin ölkəmizdə tətbiqi bizim üzərimizə düşür. Yalnız kənd təsərrüfatında deyil, avtomatlaşdırmanın bütün sahələrdə tətbiqini düşünürük. Deyilən istiqamətdə Qarabağın və Şərqi Zəngəzurun inkişafına dəyər qatmaq üçün dövlət dəstəyinin olması daha yaxşı işlər görə bilməyimizə səbəb ola bilər.

Fuad Mədətov
Fins.az