Avropa İttifaqı (Aİ) və BMTİP Azərbaycanda fəaliyyət göstərən bir sıra sosial sahibkarlar, o cümlədən sosial sahibkarlıqla maraqlanan vətəndaş cəmiyyəti təşkilatları (VCT) üçün biznesin inkişafı üzrə beş günlük intensiv proqram həyata keçirib.
Fins.az xəbər verir ki, təlim proqramı Aİ tərəfindən maliyyələşdirilən vətəndaş cəmiyyəti təşkilatlarının dəstəklənməsinə yönələn layihə çərçivəsində təşkil edilib və Ağdam, Bakı, Gəncə, Lənkəran, Neftçala və Şəkidən 30-dan artıq vətəndaş cəmiyyəti təşkilatı və sosial sahibkarları bir araya gətirib. Proqram iştirakçıları dəstək platformaları, təşəbbüslər üçün maliyyə vəsaitlərinin yığılması platformaları, eləcə də yerli inkişaf və həssas icmalarla çalışan VCT-lər olmaqla müxtəlif sahələri təmsil edirdilər.
Təlim proqramının məqsədi sosial sahibkarlara və təşkilatlara biznes inkişafının təməl prinsiplərini öyrətməkdir. Silsilə sessiyalar sosial biznes və əlaqədar konsepsiyalar haqda hərtərəfli izahı verir, o cümlədən ideya yaratma, biznes dizaynı və planlaşdırması, satış və marketinq, biznesin sosial təsirinin ölçülməsi və hesabatlılıq istiqamətlərində iştirakçıların bilik və bacarıqlarının artırılmasına istiqamətlənir.
Proqram vasitəsilə iştirakçılar yeni sosial bizneslərə başlaya yaxud cari bizneslərini inkişaf etdirə bilərlər. Proqram onlara sosial yaxud ətraf mühitlə bağlı dəyər yaradan eyni zamanda, kommersial baxımdan dayanıqlı biznes ideyalarının yaradılmasına kömək edir. Bu yanaşma ilə VCT-lər maliyyə dayanıqlılığını təmin etmək üçün alternativ yol olaraq sosial biznes modelini qəbul edə və əldə edilən mənfəəti yenidən sosial problemlərin həllinə yönəldə bilərlər.
Təlim sessiyaları sözügedən layihənin “ARCO” Araşdırma Mərkəzi (İtaliya) ilə birgə təşkil etdiyi daha öncəki “Təlimçilərin təlimi” proqramından keçmiş yerli mütəxəssislər tərəfindən aparılıb.
Sözügedən təlim proqramının növbəti addımı olaraq layihə, ideyalaşdırma və inkubasiya proqramı həyata keçirəcək və təqdim edilən ən uğurlu biznes planlara maliyyə dəstəyi göstərəcək.
Təlim proqramı, Aİ-nin maliyyələşdirdiyi və BMTİP-nin həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi tərəfindən həyata keçirilir.
Layihə - siyasətlərin formalaşdırılması, yerli inkişafa dəstək, ölkədə sosial sahibkarlığın təşviqi sahələrində VCT-lərin iştirakının artırılması məqsədilə onların potensialının gücləndirilməsini hədəfləyir.