“Qaradağ Şüşə Zavodu” ASC-nin özəlləşdirilməsi istiqamətində işlərə başlanılıb. Müəssisənin istehsal gücü ildə 120 ton şüşə, nizamnamə kapitalı 35 950 630 manatdır.
Fins.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin təşkilatçılığı ilə “Qaradağ Şüşə Zavodu” ASC-yə sahibkarların müəssisə haqqında məlumatlandırılması, potensial investorların özəlləşdirməyə cəlb edilməsi məqsədilə mediatur təşkil edilib.
Tədbirdə KİV nümayəndələri müəssisənin infrastrukturu ilə tanış olublar, müəssisənin tarixi, istehsal prosesi, özəlləşdirilmə perspektivi barədə məlumat əldə ediblər. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr 2021-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin bir sıra müəssisə və obyektləri özəlləşdirməyə açılıb. Bunlardan biri də “ASK Şüşə” MMC-dir.
Sərəncamın icrası ilə əlaqədar Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müəssisənin özəlləşdirilməyə hazırlanması istiqamətində işlər görülüb, mövcud qanunvericiliyə uyğun olaraq müəssisədə özəlləşdirmə komissiyası yaradılıb, inventarlaşdırma işləri təşkil edilib, müstəqil qiymətləndirici şirkətin iştirakı ilə müəssisənin nizamnamə kapitalı müəyyən olunub, yeni hüquqi şəxs – istehsal gücü gündə 120 ton maye şüşə, nizamnamə kapitalı 35 950 630 manat olan “Qaradağ Şüşə Zavodu” ASC təsis edilib.
Yenidən qurulması və inkişaf etdirilməsi məqsədilə müəssisənin mövcud qanunvericiliyə uyğun olaraq investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilməsi qərara alınıb.
Qeyd edək ki, “Qaradağ Şüşə Zavodu” ASC-nin investisiya müsabiqəsinə çıxarılması barədə elan 30 gün əvvəlcədən Dövlət Xidmətinin rəsmi saytında (emlak.gov.az) və “Özəlləşdirmə portalı”nda (privatization.az) yerləşdiriləcək.