BİZNES

03 Mart

Sahibkarlar üçün yeni veriliş - “Biznes büro” başlayır

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “ARB24” telekanalının birgə əməkdaşlığı çərçivəsində sahibkarlar üçün yeni maarifləndirici televiziya layihəsinə start verilir. Martın 5-dən etibarən “ARB24”də “Biznes büro” verilişi efirdə olacaq. 

KOBİA-dan Fins.Az-a verilən məlumata görə, verilişin məqsədi ölkəmizdə sahibkarlıqla məşğul olan biznes subyektlərini mövcud dövlət dəstəyi mexanizmləri, yeniliklər, biznes sahəsində imkanlar və layihələr barədə məlumatlandırmaqla onların biznes savadlılığının artırılmasına dəstək olmaqdır. Bu məqsədlə “Biznes büro” verilişində sahibkarlıq fəaliyyəti ilə bağlı aktual məsələlər aidiyyəti qurumların nümayəndələri ilə birgə müzakirə ediləcək, sahibkarları maraqlandıran suallar yerində cavablandırılacaq. 

Hər həftənin bazar günü saat 18.20-də efirdə olacaq verilişin təkrarını KOBİA-nın və “ARB24”ün sosial media hesablarından izləmək mümkün olacaq. 

“Biznes büro” verilişinin “KOB-lara dəstək, gömrük sistemində yeniliklər” mövzusuna həsr olunmuş ilə buraxılışını martın 5-də “ARB24”də izləyə bilərsiniz. 

Qeyd edək ki, sahibkarların maarifləndirilməsi məqsədilə indiyədək KOBİA-nın tərəfdaşlığı ilə “ASAN radio”da “KOB dostu” və “Sahibkar vaxtı” verilişləri yayımlanıb.