BİZNES

01 Mart

Texnoparkdan  ilk qeydiyyat şəhadətnamələri təqdim edildi

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən sistem inteqrasiyası və proqram təminatının hazırlanması və inkişafı sahələrində fəaliyyət göstərən 7 şirkətə texnologiyalar parkının (texnoparkdan kənar) rezidenti olaraq fəaliyyət göstərmələri üçün texnoparkın qeydiyyat şəhadətnaməsi verilib.

Fins.az xeber verir ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində 1 mart 2023-cü il tarixində keçirilmiş təqdimat mərasimində İdarə Heyətinin sədr müavini Rəşad Xalıqov şirkət rəhbərlərinə texnologiyalar parkının rezidenti olaraq texnoparkdan kənar fəaliyyəti özündə əks etdirən “Qeydiyyat Şəhadətnaməsi”ni təqdim edib. Bu şirkətlər rezident olmaqla 10 il müddətində gəlir və mənfəət vergisi, dividend, əmlak, torpaq vergisindən azad olunacaqlar. Eyni zamanda sosial sığorta ödənişi üçün təqdim edilən güzəşt və seçim imkanlarından yararlana biləcəklər. Həmin şirkətlərdə əmək fəaliyyətinə cəlb edilən informasiya və kommunikasiya texnologiyaları sahəsində təcrübəsi olan əcnəbi mütəxəssislərə iş icazəsinin alınması tələb olunmayacaq.

Qeyd edək ki, normativ aktlara edilmiş bir sıra əlavə və dəyişikliklərə əsasən sistem inteqrasiyası və (və ya) proqram təminatının hazırlanması və inkişafı sahəsində texnoparkdan kənar fəaliyyət göstərən rezidentlər texnologiyalar parkında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq - 10 il müddətinə:

  • bir sıra vergilərdən (gəlir və mənfəət vergisi, dividend, əmlak, torpaq) azad olunurlar.
  • gəlir vergisində bir sıra güzəştlərdən yararlanacaqlar: 8000 manatadək olduqda 0 faiz, 8000 manatdan çox olan məbləğin 5 faizi, 01.01.2026-cı ildən 7 il müddətinə isə gəlirin 5%-i həcmində ödəniləcək.
  • 2023-cü ilin yanvarın 1-dən 10 il müdətində seçimlərindən (rezident və əməkdaşları) asılı olaraq məcburi dövlət sosial sığorta haqqı minimum aylıq əməkhaqqı məbləğinin dörd misli miqdarından və ya muzdlu işdən əldə edilən gəlirlərdən ödəniləcək.
  • texnoparkdan kənar fəaliyyət göstərmək üçün cəlb olunan əcnəbi mütəxəssislərə iş icazəsinin alınması tələb olunmayacaq.

Texnologiyalar parkının rezidenti olaraq texnoparkdan kənar fəaliyyəti üçün proqram təminatı və sistem inteqrasiyası üzrə fəaliyyət göstərən fiziki və hüquqi şəxslər idda.az saytına daxil olaraq müraciət edə bilərlər.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 oktyabr 2021-ci il tarixli Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” publik hüquqi şəxs yaradılmışdır.

Agentliyin əsas məqsədi, ölkədə rəqəmsal sahənin inkişafına töhfə vermək, rəqəmsal transformasiya və innovasiya sahəsində fəaliyyətini təşkil etmək, nüvə elmi və texnologiyalarının sınaq təcrübəsini aparmaq, fiziki və hüquqi şəxslərə innovasiya yönümlü elmi-tədqiqatlarına və innovativ layihələrinə (Startapları) maliyyə dəstəyi vermək, müasir texnologiyaların və texnoloji həllərin əldə olunmasında yardım göstərməkdir.