BİZNES

23 Fevral

KOBİA sahibkarlara bazar araşdırması üçün dəstək göstərir - Orxan Məmmədov

Hazırda KOBİA tərəfindən mikro, kiçik və orta sahibkarlara daxili bazar araşdırmasının aparılmasına, təhsil, elm, tədqiqat və dəstək layihələrinin reallaşdırılmasına maliyyə dəstəyi, satış imkanlarını genişləndirmələri üçün ixtisaslaşmış sərgilərdə təmənnasız iştiraklarına, bilik və bacarıqlarının artırılması üçün ödənişsiz təlim və məsləhət xidmətlərinin göstərilməsinə, sosial sahibkarlığın inkişafına və s. dəstək göstərilir.

Fins.Az Trend-ə istinadən bildirir ki, bunu bu gün KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov "Heydər Əliyevin rəqabətə davamlı iqtisadiyyatın formalaşdırılmasında rolu" mövzusunda elmi konfransda deyib.

O.Məmmədov qeyd edib ki, son dövrlər dünyada baş verən qlobal dəyişikliklər, sosial-iqtisadi problemlərin kəskinləşməsi, qlobal enerji bazarında sabitliyin pozulması fonunda Azərbaycan iqtisadiyyatının dayanıqlılıq göstərməsi bir daha sübut edir ki, starteji prioritetlərin zamanında dəqiqləşdirilməsi, müəyyən olunmuş hədəflərin məqsədyönlü şəkildə həyata keçirilməsi çox əhəmiyyətlidir.

"Müstəqilliyin ilk illərində Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdaraq qətiyyətli addımlar atması nəticəsində ölkəmizdə sabitlik bərpa olundu və digər sahələrlə yanaşı sosial-iqtisadi sahədə də inkişaf proseslərinin əsası qoyuldu.

Yaxın tariximizdə baş verən hadisələrə əsasən bu gün əminliklə deyə bilərik ki, müasir Azərbaycan tarixində qazanılmış ən böyük uğurlar xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Onun rəhbərliyi altında dövlət idarəetmə sistemində aparılan kompleks islahatlar ölkədə iqtisadiyyatın bütün sahələrinin, o cümlədən sahibkarlıq sahəsinin formalaşmasına güclü təkan vermişdir.

Müstəqil Azərbaycanın memarı olan Ulu Öndər azad sahibkarlığın inkişafına daim diqqət göstərmiş və respublikamızın sosial, iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun tərəqqisi ilə əlaqələndirmişdir. Bu da onu deməyə əsas verir ki, həyata keçirilən iqtisadi siyasət sahibkarlığın inkişafının sürətləndirməsinə, ölkənin sosial, iqtisadi problemlərinin həllində sahibkarlığın rolunun gücləndirilməsinə, bu istiqamətdə dövlət qayğısının artırılmasına və ən əsası mövcud potensialın reallaşdırılmasına yönəlmişdir.

Ulu Öndər ölkənin gələcək iqtisadi inkişafının məhz özəl sektorla bağlı olduğunu vurğulamışdır. Əlverişli biznes və investisiya mühiti yaratmaqla sahibkarlığı inkişaf etdirmək, ölkəyə xarici investisiyaları cəlb etməklə, qeyri-neft sektorunun inkişafına nail olmaq həmin dövrdə həyata keçirilən iqtisadi siyasətin əsas xüsusiyyətlərindən olmuşdur. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda sahibkarlar təbəqəsi formalaşmış, özəl sektorun ölkənin sosial-iqtisadi inkişafında rolu artmağa başlamışdır.

Qeyd edək ki, 1993-2003-cü illərdə ölkəmizdə sahibkarlıq fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik bazasının yaradılması sahəsində qəbul edilən sənədlərdə bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şəraitin yaradılması, sahibkarlığa hüquqi təminatın verilməsi və rəqabət mexanizminin formalaşması, həmçinin rəqabətin qorunması ilə bağlı zəruri şərtləri və elementləri özündə ehtiva edir. Bu sənədlər iqtisadiyyatın bütün sahələrini əhatə etməklə azad rəqabətin təmin olunmasına və iqtisadiyyatın dinamik inkişafına xidmət etmişdir.

Sahibkarlığın inkişafı istiqamətində 1993-1995-ci illəri və 1997-2000-ci illəri əhatə edən iki dövlət proqramının qəbul edilməsinin xüsusi rolu olmuş, kiçik və orta sahibkarlığın inkişafı Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet sahələrindən birinə çevrilmişdir. Bu proqramlar çərçivəsində iqtisadiyyatın və sahibkarlığın tənzimlənməsi sahəsində əhəmiyyətli tədbirlər həyata keçirilmiş, sahibkarlara dövlət maliyyə dəstəyi sistemi təşkil edilmişdir.

Məhz Ulu Öndərin təşəbbüsü ilə 25 aprel 2002-ci ildə yerli sahibkarlarla, 14 mayda isə xarici sahibkarlarla keçirdiyi geniş görüşdən sonra Azərbaycan iqtisadiyyatının inkişafında dönüş baş vermiş, mühüm sənədlər qəbul edilmişdir. Sahibkarlığın inkişafına diqqət və qayğının nəticəsidir ki, 25 aprel tarixi hər il ölkəmizdə "Sahibkarlar Günü" kimi qeyd edilir.

Ulu Öndərin müəllifi olduğu inkişaf konsepsiyası Azərbaycanın müasir milli iqtisadi inkişaf modelinin formalaşmasına və iqtisadi islahatların uğurla həyata keçirilməsinə etibarlı zəmin yaratmışdır. Qeyd etmək istərdim ki, son illərdə də iqtisadi inkişafla bağlı təsdiq edilən sənədlərdə rəqabətə davamlı iqtisadiyyatın formalaşdırılmasında sahibkarların rolunun daha da gücləndirilməsi kimi müddəalar öz əksini tapmışdır. Bununla da ölkəmizdə sosial-iqtsadi siyasətin çoxşaxəliliyi təmin edilmiş, bu istiqamətdə ciddi tədbirlər görülmüşdür. Cənab Prezident İlham Əliyevin çevik və praqmatik iqtisadi siyasəti nəticəsində sahibkarlar bu gün rəqabətədavamlı iqtisadiyyatın əsas drayverinə çevirilmişdirlər. Ölkə üzrə sahibkarlıq subyektlərinin mütləq əksəriyyətinin KOB subyektləri olması onların iqtisadiyyatda payının artırılması üçün böyük potensialın olduğunu göstərir. Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"dən olan "Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat" prioritetinin alt məqsədlərindən biri də məhz KOB-ların inkişafının stimullaşdırılması və dayanıqlı inkişafın hərəkətverici qüvvəsinə çevrilməsidir.

Bu gün ölkəmizdə bir sıra qurumlar, o cümlədən Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən sahibkarlara, xüsusilə mikro, kiçik və orta biznes subyektlərinə müxtəlif dəstək və xidmətlər təqdim olunur, güzəştlər və dövlət dəstəyi həyata keçirilir, bir sıra institusional mexanizmlər fəaliyyət göstərir.

Hazırda KOBİA tərəfindən mikro, kiçik və orta sahibkarlara daxili bazar araşdırmasının aparılmasına, təhsil, elm, tədqiqat və dəstək layihələrinin reallaşdırılmasına maliyyə dəstəyi, satış imkanlarını genişləndirmələri üçün ixtisaslaşmış sərgilərdə təmənnasız iştiraklarına, bilik və bacarıqlarının artırılması üçün ödənişsiz təlim və məsləhət xidmətlərinin göstərilməsinə, sosial sahibkarlığın inkişafına və s. dəstək göstərilir.

Düşünürəm ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş iqtisadi inkişaf konsepsiyasının reallaşdırılması ölkəmizdə dayanıqlı iqtisadiyyatın möhkəmlənməsinə müsbət təsirini daim göstərəcəkdir", - Agentlik sədri bildirib.