BİZNES

23 Fevral

Azərbaycanın gənclər təşkilatlarının rəhbərləri ilə Beynəlxalq Astronavtika Konqresinə dair görüş keçirilib - FOTO

Azərkosmos Azərbaycan Respublikası Gənclər Fondu ilə birgə ölkənin gənclər təşkilatlarının rəhbərləri ilə görüş keçirib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Fins.Az-a verilən məlumata görə, görüşün məqsədi azərbaycanlı gənclərin oktyabrın 2-6-da Bakıda keçiriləcək “Qlobal çağırışlar və imkanlar: kosmosa şans verək” mövzusunda Beynəlxalq Astronavtika Konqresinə marağını artırmaq və onları tədbir çərçivəsində keçirilən elm müsabiqəsində aktiv iştiraka təşviq etmək olub. Müsabiqə iştirakçılara elmi işlərini və ya məqalələrini kosmik sahənin ən böyük tədbiri olan Beynəlxalq Astronavtika Konqresində təqdim etmək imkanı verir.

Tədbirdə 1000-dən artıq fəal gənci öz ətrafında birləşdirən təşkilatlar iştirak edib. Onların arasında Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA), “İrəli” İctimai Birliyi, Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, “Davam” Gənclər Hərəkatı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, “Cavan” Gənclər Hərəkatı İctimai Birliyi, Azərbaycan Tələbə və Məzunlar Platforması, “Böyük Qayıdış” Gənclər Təşkilatı İctimai Birliyi yer alıb.

Qeyd edək ki, 2-6 oktyabr tarixində Azərbaycanda keçiriləcək Beynəlxalq Astronavtika Konqresində dünyanın kosmik sahəsindəki aparıcı agentlikləri, elm mərkəzləri və beynəlxalq təşkilatlarının rəhbərləri, eləcə də məşhur alimlər, özəl sektordan olan yüksək səviyyəli peşəkarlar, gənc tədqiqatçılar və tələbələr bir araya gələcəklər.

Beynəlxalq Astronavtika Konqresi haqqında ətraflı məlumatı aşağıdakı veb-saytdan əldə edə bilərsiniz: //www.iac2023.org/