"Dünya Bankı ilə birgə nəticə əsaslı büdcənin auditinin aparılması üçün layihə həyata keçiririk".
Fins.Az xəbər verir ki, bunu "Təhsil sektorunda Ortamüddətli Xərclər Çərçivəsinin (OMXÇ) tətbiqi və nəticə əsaslı büdcə mexanizminə keçid" mövzusunda seminarda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
O, bildirib ki, Azərbaycanda dövlət maliyyəsinin planlaşdırılması ilə bağlı yeni təfəkkürün formalaşmasının Hesablama Palatasının da fəaliyyətinə ciddi təsiri var.
"Biz indiyə qədər apardığımız nəzarət tədbirlərində prosesin özünün auditini nəzərdə tuturduq. Bu halda isə biz nəticələrin auditini aparmalıyıq. Amma nəticələrin nə dərəcədə doğru indikatorlarının müəyyən edilməsi ilə yanaşı bu nəticələrə gətirib çıxaran yol, bu istiqamətdə sərf olunan vəsait, bu vəsaitin istifadəsi kimi məsələlərin hamısı kökündən büdcə qanunvericiliyinin dəyişilməsini tələb edir. Mövcud qanunvericiliyə uyğun yeni büdcə planlaması məmur-icraçı təfəkkürünün dəyişməsinə də gətirib çıxaracaq. Bu, ölkədə strateji planlaşma işlərinin uzlaşmasına və bu sahəyə dövlət auditinin baxışının dəyişməsinə də səbəb olacaq" - deyə Vüqar Gülməmmədov əlavə edib.
©apa