BİZNES

22 Fevral

Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının ilk iclası keçiriləcək

Yaxın aylarda Ər-Riyad şəhərində Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının ilk iclası keçiriləcək.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) Fins.Az-a bildirilib ki, bununla bağlı qurumun İdarə Heyətinin sədri Orxan Məmmədov və İşgüzar Şuranın Səudiyyə Ərəbistanı tərəfindən həmsədri, "Al Rajhi İnternational for İnvestment" şirkətinin baş icraçı direktoru Əhməd Əli Əl Dakhil arasında onlayn formatda keçirilmiş görüşdə müzakirə aparılıb.

Səudiyyə Ərəbistanı Palataları Federasiyasının nümayəndələrinin də iştirak etdiyi görüşdə işgüzar şuranın iclasının gündəliyi, şuraya üzvlük məsələləri və birgə təşəbbüslərə dair fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurası 2022-ci ilin dekabrında KOBİA və Səudiyyə Ərəbistanı Palataları Federasiyası arasında imzalanmış Sazişə əsasən yaradılıb. Hər iki ölkədən biznes nümayəndələrinin təmsil olunacağı Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurası sahibkarların təşəbbüslərini dəstəkləyəcək, onlar arasında birbaşa əlaqələrin qurulmasına, qarşılıqlı səfərlərin, görüşlərin və müxtəlif tədbirlərin təşkilinə kömək edəcək, iş adamları arasında informasiya mübadiləsini həyata keçirəcək.