BİZNES

20 Fevral

Kommersiya qurumlarının 78,7 faizi elektron qaydada qeydiyyata alınıb

2023-cü ilin fevral ayının 1-nə respublika üzrə uçotda olan 1.409.597 vergi ödəyicisinin 87,3 faizi fiziki şəxslər, 12,7 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. 2022-ci ilin yanvar ayı ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 5 faiz, o cümlədən kommersiya qurumlarının sayı 10,5 faiz artıb.

İqtisadiyyat Nazirliyindən Fins.Az-a verilən məlumata görə, yanvar ayı ərzində 1.237 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,9 faiz çoxdur. Yanvar ayında qeydiyyatdan keçmiş kommersiya qurumlarının 78,7 faizi elektron qaydada, 21,3 faizi kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında qeydə alınıb.

Fevralın 1-nə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 14,5 faiz artıb.

Yanvar ayında qeydiyyatdan keçmiş kommersiya qurumlarının 86,7 faizi yerli investisiyalı, 13,3 faizi xarici investisiyalıdır. Yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 150 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət qeydiyyata alınıb. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi 12,1 faiz, yerli investisiyalı MMC-lərin qeydiyyatında isə 14,2 faiz təşkil edib.