BİZNES

15 Fevral

Zəlzələ Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinə necə təsir edə bilər? - ARAŞDIRMA

Azərbaycan və Türkiyə arasında münasibətlər bütün sahələrdə yüksək səviyyədədir. Təbii ki, iqtisadi sahədə əməkdaşlıq bu münasibətlərin bünövrəsini təşkil edir. Artıq uzun illərdir ki, Azərbaycanla Türkiyə arasında iqtisadi əlaqələr yüksələn xətlə inkişaf edir. İki ölkənin xarici ticarət dövriyyəsinin həcmi də bunu deməyə əsas verir. Belə ki, 2022-ci ildə Azərbaycanın ümumi ticarət dövriyyəsi 52 mlrd. 686.5 mln. dollar təşkil edib. Türkiyə Azərbaycanla ticarət dövriyyəsinin həcminə görə İtaliyadan(34.4%) sonra ikinci yerdə qərarlaşıb. Belə ki, qardaş ölkə ilə ticarət dövriyyəsinin həcmi 2022-ci ildə 5 mlrd. 842 mln. dollar olub. Azərbaycanın qeyri-neft məhsullarının ixracında əsas ölkələr sırasında da Türkiyə ikinci yerdədir. 2022-ci ildə Azərbaycanın qeyri-neft məhsullarının ixracatı 3 mlrd. 47.7 mln. dollar təşkil edib ki, bunun da 23.4 % və ya 713 mln. 704 min dolları Türkiyənin payına düşür. Həmçinin, Azərbaycanın Türkiyədən idxalının həcmi 2 mlrd. 297 mln. təşkil edib ki, bu da ölkəmizin ümumi idxalının 15.8%-ni təşkil edib. Göstərilən rəqəmlərdən bəlli olur ki, Türkiyə Azərbaycanın əvəzsiz siyasi tərəfdaşı olmaqla yanaşı, həm də mühüm iqtisadi tərəfdaşıdır.

Bu il fevralın 6-da dünya iqtisadiyyatında önəmli yerə sahib olan Türkiyədə baş verən dəhşətli zəlzələnin bu ölkənin iqtisadiyyatında hansı dəyişiklərə səbəb olacağı barədə mühüm sual meydana çıxarıb. Bəs, yaranmış vəziyyət Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinə necə təsir edəcək?

İqtisadçı-ekspert Xalid Kərimli APA-ya bildirib ki, Türkiyədə zəlzələnin vurduğu zərərin həcmi “Bloomberg“in hesablanmalarına görə, 85 mlrd. dollar civarındadır. 6 544 binanın tamamilə dağıldığı, 25 minə yaxın binanın zərər gördüyü açıqlanıb. Türkiyə iqtisadiyyatı üçün ərazinin əhəmiyyəti böyükdür. Çünki dağıntıya məruz qalan ərazilər Türkiyə iqtisadiyyatının 10%-ni təşkil edir.

Bununla belə, Xalid Kərimli hesab edir ki, həmin ərazidə yerləşən şirkətlərin Azərbaycanla əlaqələri yüksək səviyyədə olmadığı üçün iki ölkənin qarşılıqlı ticarət əlaqələrinə neqativ təsir gözlənilmir: “O bölgədə əsasən tekstil və müxtəlif tikinti materialları istehsal olunsa da, ixracatları Yaxın Şərq ölkələridir. Həmin ərazidən il ərzində 20 mlrd. dollar ixrac həyata keçirilib. Bu ixrac rəqəminin yenidən bərpası Türkiyə hökumətinin maliyyə yükünü artıracaq. Ancaq bərpa prosesində tikintiyə qoyulacaq vəsaitlər bu ərazilərdə canlanmaya səbəb olacaq. Düşünmürəm ki, baş verən bu proseslər Azərbaycanla qardaş ölkə arasında idxal-ixrac əməliyyatlarına neqativ təsir göstərsin”.

İqtisadçı-ekspert Elman Sadıqov isə APA-ya bildirib ki, təbii fəlakətin Türkiyəyə ilkin təsiri qarşıdakı aylarda inflyasiyanın artması ola bilər: “Əsas qiymət artımı tikinti materiallarında mümkündür. Dağıntıların baş verdiyi ərazilərdə böyük infrastruktur layihələri, yolların, binaların inşası böyük miqdarda maliyyə tələb edəcək. Türkiyə iqtisadiyyatı bu məsələlərin öhdəsindən tək başına gələ biləcəkmi? Bunu zaman göstərəcək. Nəzərə alaq ki, zaman nə qədər çox uzansa, əlavə xərclər artacaq. Sosial müavinətlər, zərər görən insanların maddi təminatı, yaşayış yerlərinin yaradılması və sair məsələlərlə bağlı xərclər arta bilər”.

Elman Sadıqov mövcud durumdan çıxış yollarından biri kimi, əlavə lirə çapı və xarici yardımların olmasını göstərib: “Xarici yardımlar dəymiş ziyanın cüzi hissəsini təşkil edir. Nəzərə alaq ki, Yunanıstanla yaxınlaşma və İsraillə əməkdaşlığın növbəti mərhələyə keçməsi diqqətə alınmalıdır”.

“Türkiyə inkişaf etməkdə olan önəmli dövlətlərdən biridir. Bu yükün altından çıxa bilməsə, iqtisadiyyatı çox böyük zərərə uğrasa, bu, digər inkişaf etməkdə olan dövlətlər üçün də ciddi problemlərə səbəb ola bilər. Yəni, əgər böhran baş versə, bu böhranın yoluxucu olması mümkündür. Hər bir halda beynəlxalq təşkilatlar tərəfindən qardaş ölkəyə yardımlar olunmalıdır. Mənim fikrimcə, narahatlıq və risklər olmasına baxmayaraq, Türkiyə bu vəziyyətdən üzüağ çıxa biləcək”, - Elman Sadiqov əlavə edib.

Təbii fəlakətin Azərbaycana təsiri, Qarabağda bərpa və yenidənqurma işlərində Türkiyə firmalarının iştirakı məsələsinə gəlincə, ekspert bildirib ki, Türkiyə şirkətləri öz öhdəliklərini yerinə yetirməkdə davam edəcək. Çünki istifadə olunan tikinti materialları Azərbaycandan təmin olunur. O bildirib ki, əsas narahatlıq Bakı-Tiblisi-Ceyhan neft boru xətti ilə bağlı idi. Artıq Ceyhan terminalında neftin yüklənməsi də bərpa olunub.

Millət vəkili, iqtisadçı Vüqar Bayramov da məsələ ilə bağlı APA-ya açıqlamasında bildirib ki, Türkiyənin Azərbaycanla ticarət dövriyyəsində əvvəlki illərə nisbətən artım müşahidə edilir: “Türkiyə Azərbaycanın qeyri-neft məhsullarının ixracatında da ikinci ən böyük tərəfdaşıdır. Gözləntimiz odur ki, Türkiyə bu sınaqdan da çıxa biləcək.

Ümumi olaraq 2 ölkə arasında ticarət dövriyyəsinin strukturuna diqqət yetirsək, görərik ki, ixrac etdiyimiz məhsulların 75%-ni enerji məhsulları təşkil edir. Enerji məhsulları müqavilələr əsasında və mövcud infrastrukturla nəql edilən məhsullardır. Burda xüsusən də mavi qazın payının artması müşahidə olunur. Eyni zamanda, qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, növbəti 1 il ərzində təbii fəlakətin olduğu ərazilər yenidən qurulub istifadəyə veriləcək. Ümumilikdə, zəlzələdən sonra Türkiyə-Azərbaycan iqtisadi münasibətlərində hər hansı ciddi dəyişiklik olması proqnozlaşdırılmır”.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş bölgəsində baş verən 7.7 və 7,6 bal gücündə iki zəlzələ Kahramanmaraş, Hatay, Osmaniye, Adıyaman, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Malatya, Kilis və Adanada ciddi dağıntılara və insan tələfatına səbəb olub. Zəlzələ bölgəsindəki 10 əyalətdə 13,5 milyon insan yaşayır və bu, ümumi əhalinin 16%-ni təşkil edir.

Son məlumata görə, təbii fəlakət nəticəsində 35 418 ölüb, 105 505 nəfər yaralanıb. Ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları da var.