BİZNES

15 Fevral

Bələdiyyələrə vergilərdən daxilolmalar 50 faiz artıb

2022-ci ildə də bələdiyyələrin maliyyə imkanlarının yaxşılaşdırılması məqsədilə büdcə gəlirlərinin artırılması istiqamətində tədbirlər davam etdirilib.

Fins.Az apa-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik (2022-ci il üzrə) məruzə”də bildirilib.

Qeyd olunub ki, Ədliyyə Nazirliyinin metodiki köməyi ilə görülən işlər nəticəsində bələdiyyələrdən əldə edilmiş məlumata əsasən il ərzində fiziki şəxslərin torpaq və əmlak vergisi üzrə yerli büdcələrə 2021-ci illə müqayisədə təqribən 2 milyon manat çox vəsait daxil olub

Qeyd olunur ki, son 2 ildə yerli büdcələrə torpaq və əmlak vergisindən 6,5 milyon manata yaxın (2020-ci illə müqayisədə 50% çox) əlavə vəsait daxil olub.

Əvvəlki dövrlərdə icarəyə verilmiş torpaqların icarə haqlarının bazar qiymətlərinə uyğunlaşdırılması üzrə bələdiyyələrlə metodoloji iş davam etdirilib. Nəticədə 2022-ci ildə 167 bələdiyyənin ümumilikdə 15 min hektardan çox torpaq sahəsini əhatə edən 1.836 icarə müqaviləsində icarə haqqı təqribən 552 min manat (1,8 dəfə) artıb. Ümumilikdə 2021-ci və 2022-ci illərdə 457 bələdiyyə üzrə 3.906 icarə müqaviləsində (34 min ha torpaq sahəsini əhatə edir) icarə haqlarının artımı 1,5 milyon manata yaxın (2 dəfə) təşkil edib.