BİZNES

07 Fevral

3 ildə “Xaçmaz KOB evi”ndə sahibkarlara 90 mindən çox xidmət göstərilib

“Xaçmaz KOB evi”nin fəaliyyətə başlamasından 3 il ötür.

KOBİA-dan Fins.az-a verilən məlumta görə, bu müddət ərzində “Xaçmaz KOB evi” tərəfindən sahibkarlara 90 486 xidmət göstərilib. Bunlardan 86 819-u dövlət-biznes (“G2B”), 3667-si isə biznes-biznes (“B2B”) xidmətləridir.

Hazırda “Xaçmaz KOB evi”ndə sahibkarlara 10 dövlət qurumu tərəfindən 170-ə yaxın “G2B”, 6 özəl şirkət tərəfindən 70-dək zəruri “B2B” xidmətlər göstərilir. 2022-ci il ərzində sahibkarlar “Xaçmaz KOB evi”nə daha çox malın mənşə ölkəsini təsdiq edən sertifikat, vergi və kommunal xidmətlərlə bağlı müraciət ediblər.

Sahibkarlar biznes fəaliyyəti ilə bağlı lazım olan biznesin qeydiyyatı, vergi məsələləri, sahibkarlıq fəaliyyəti üçün lisenziyalar, mənşə və qida təhlükəsizliyi sertifikatları, əmlakın dövlət reyestrindən çıxarış, aqrar sahə üzrə subsidiyalar, açıq məkanda reklamın yerləşdirilməsinə icazə, kommunal xidmətlər, bank və s. xidmətlər üçün “Xaçmaz KOB evi”nə müraciət edə bilərlər.

Qeyd edək ki, hazırda Bakı, Xaçmaz və Yevlax şəhərlərində olmaqla üç KOB evi fəaliyyət göstərir. KOB evlərinin əsas üstünlüyü sahibkarlara biznes fəaliyyəti üçün lazım olan xidmətlərin vahid məkanda göstərilməsi, bununla da vaxtına və əməliyyat xərclərinə qənaət etməsi, sahibkarlara göstərilən xidmət səviyyəsinin ölçüləbilən olmasıdır.

Rəvanə Sərdarova

Fins.az