BİZNES

02 Fevral

AZPROMO qeyri-neft ixracının risklərdən qorunması yollarını açıqlayıb

Azərbaycanın qeyri-neft məhsullarının ixracının 50 %-i ənənəvi bazarlara, qalan hissəsi isə yeni bazarlara diversifikiasiya edilsə, biznes sektoru risklərdən qorunar.

Bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müşaviri Tural Hacılı Bakıda keçirilən II Aqrobiznes Forumunda çıxışı zamanı deyib.

O vurğulayıb ki, aqrar sahədə bazarların diversifikasiyasında ixrac qurumu olaraq bir sıra çətinliklərlə üzləşirik: "Çətinliklər sırasında məhsullarımızın yeni bazarlara hazır olmaması, beynəlxalq keyfiyyət sertifikatlarına uyğun olmamasıdır, bir sözlə bizim sahibkarlar ənənəvi bazarlarda işləməyə alışıb. Bu, sözsüz ki, bütün ixracatçılarımıza şamil edilmir".

T. Hacılı fermerlərin və ixracatçıların institusionallaşmasinı müşahidə edildiyini qeyd edib: "Amma təəssüf ki, bu temp zamanla ayaqlaşmağa icazə vermir. Buna görə də bir sıra hallarda məhsulların maya dəyərinin və satış qiymətinin yüksək olması nəzərə çarpır və bu amil xarici bazarlardakı mövqelərimizə təsir edir. Biz anlayırıq ki, bizim ixracatçılarımız üçün Rusiya və MDB bazarı daha rahatdır. Əgər satış gedirsə, ixracda hansısa artımları görürüksə, bu o demək deyil ki, biz təkmilləşməməliyik və yeni bazarlar axtarmamalıyıq. Biz ixracımızın ən azı 50 %-ini diversifikiasiya etməliyik".

© Report