BİZNES

01 Fevral

Milli Məclisdə əmanətlərin vergidən azad edilməsi müddətinin uzadılması təklif olunub

“Banklarda olan əmanətlər 2016-cı il fevralın 1-dən etibarən 7 il müddətində vergidən azad edilmişdi”.

Bunu bu gün parlamentin iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.

Vüqar Bayramov deyib ki, Vergi Məcəlləsinə əsasən, yerli bank və xarici bankın Azərbaycanda fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont faiz gəlirləri gəlir vergisindən azaddır: “Ancaq bu müddət bu gün başa çatır. Bununla yanaşı, Vergi Məcəlləsinə edilən son dəyişikliklərdə bu maddə üzrə güzəşt müddətinin uzadılması nəzərdə tutulmadı. Bu o deməkdir ki, əgər bu maddədə düzəliş edilməyəcəksə, o zaman sabahdan əmanətlərə vergi hesablanacaq. Məqsədə uyğun olardı ki, ya məcəlləyə dəyişiklik edilib güzəşt müddəti daha 1 il uzadılsın, ya da sığorta olunan əmanətlər gəlir vergisindən azad olunsun. Birinci halda, növbəti 1 il müddətdən yeni mexanizm hazırlamaq mümkündür. Həmin mexanizm artıq 2024-cü ilin fevralında tətbiq olunan zaman hər hansı çətinlik yaratmaz. İkinci halda, əmanətçilərin əksər hissəsinin depozitləri sığortalanan olduğu üçün bu əksər fiziki şəxsləri əhatə edəcək”.

Komitənin üzvü Vahid Əhmədov bu məsələ ilə bağlı dünən Mərkəzi Bankın sədri və Banklar Assosiasiyasının rəhbəri ilə danışdığını söyləyib: “Onlar da bu məsələ ilə bağlı narahatdırlar. Bu məsələ İqtisadi Şurada müzakirə olunmalıdır. Xahiş edirik, məsələyə İqtisadi Şurada baxılsın”.